"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar gücləndirilmiş, eyni zamanda, bütün aidiyyəti qurumlarla koordinasiyalı iş rejimində fəaliyyət göstərəcək.
Milli.Az xəbər verir ki, xüsusilə Bakı Dəmiryol Vağzalında, həmçinin Koroğlu və Bakıxanov dayanacaqlarında gözlənilən yüksək sərnişin trafikinin effektiv idarə olunması məqsədilə həmin məntəqələrə əlavə heyət və könüllülər cəlb edilib. Könüllülər üçün ADY-də təlim sessiyaları keçirilib, tədbir zamanı işin düzgün təşkili üçün müvafiq qaydalar izah olunub.
Qeyd edək ki, WUF13 könüllüləri Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlarla ödənişsiz səfər edə bilərlər.
Forum günlərində sərnişinlərin və dəmir yolu infrastrukturunun təhlükəsizliyinin tam təmin edilməsi üçün vağzallarda və qatarlarda nəzarət tədbirləri gücləndiriləcək və bütün zəruri qabaqlayıcı tədbirlər görüləcək. Hüquq-mühafizə orqanlarının iştirakı ilə stansiyalarda təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət gücləndiriləcək.
ADY Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştiral edərək tədbir çərçivəsində "Şəhərlərin inkişafı və urbanizasiyada ADY-nin rolu" və "Şəhərlərin dəmir yolu vasitəsilə transformasiyası" mövzularında infosessiyalar keçirəcək.
WUF13 günlərində hərəkət cədvəli barədə məlumatı dəmiryol kassalarından, www.ady.az saytından, "ADY Mobile" tətbiqindən və ya 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
Asya
Milli.Az