Yanacaq doldurarkən edilən kiçik bir səhv avtomobil üçün ciddi problem yarada bilər. Xüsusilə də benzinlə işləyən maşına dizel yanacağının tökülməsi mühərrikdə nasazlıqlara səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dizel və benzin tam fərqli xüsusiyyətlərə malik yanacaqlardır. Benzin mühərrikləri yüksək alışma sürəti ilə işlədiyi halda, dizel daha ağır və gec alışan yanacaqdır. Buna görə də benzin maşınına dizel töküldükdə mühərrik normal işləyə bilmir.
Əgər az miqdarda dizel əlavə olunubsa, avtomobildə titrəmə, güc itkisi, tüstü və mühərrikin sönməsi kimi hallar yaşana bilər. Böyük həcmdə dizel doldurulduqda isə yanacaq sistemi və şamlar zədələnə bilər.
Mütəxəssislər bildirirlər ki, belə hal baş verərsə avtomobili işə salmadan dərhal servisə müraciət etmək lazımdır. Çünki mühərrik işə düşərsə, dizel bütün yanacaq sisteminə yayılaraq problemi daha da böyüdə bilər.
Qeyd edək ki, dizel mühərrikli avtomobilə benzin tökülməsi isə daha ağır nəticələrə səbəb ola bilər. Bu zaman yanacaq nasosu və injektorlar ciddi zərər görə bilər.
Fidan
Milli.Az