Qiymənin topalanma problemini həll etmək çox sadə imiş

14 May 2026 22:12

Qiymə qovurarkən yaranan topaqlaşma problemi əslində tək bir səhvə söykənir. Peşəkar aşpazların fikrincə, düzgün qarışdırma texnikası və ardıcıllıq gözlənilmədikdə qiymə qısa müddətdə böyük parçalar halında bir-birinə yapışır.

Milli.Az qiymənin dənə-dənə bişməsini təmin edən peşəkar mətbəx sirlərini təqdim edir:

Tavanı yaxşıca qızdırın
Qiymə qovurarkən edilən ən böyük səhvlərdən biri əti kifayət qədər qızmamış tavaya qoymaqdır. Soyuq və ya ilıq tavaya qoyulan qiymə dərhal suyunu buraxır və bu da onun böyük parçalar halında yapışmasına səbəb olur. Mütləq tavadan duman çıxana qədər gözləyin.

Çırpma teli üsulu
Peşəkar mətbəxlərdə diqqət çəkən ən maraqlı detal çırpma teli (vençik) istifadə edilməsidir. Qiyməni tavaya əlavə etdikdən sonra qaşıq yerinə çırpma teli ilə qarışdırdıqda, tellər əti kiçik hissələrə ayırır və topaqlaşmanın qarşısını alır. Beləliklə, daha incə və homogen bir qıvam əldə edilir.

İlk dəqiqələrdə fasiləsiz qarışdırma
Qiymə tavada sərbəst qaldıqca istinin təsirindən zülallar birləşir və bərk topalar yaradır. Bunun qarşısını almaq üçün qiymə rəngini dəyişənə qədər, yəni ilk bir neçə dəqiqə ərzində sürətli və fasiləsiz hərəkətlərlə qarışdırılmalıdır.

Soğanı erkən əlavə etməyin
Tez-tez edilən səhvlərdən biri də soğanla qiyməni eyni anda tavaya tökməkdir. Soğan dərhal su buraxdığı üçün qiymənin qovrulmasına mane olur və onu sanki "pörtlədir".

Əvvəlcə qiymə tamamilə qovrulmalı, suyu çəkilməli və rəngi dönməlidir. Yalnız bundan sonra soğan əlavə edilməlidir. Bu üsul həm topaqlaşmanı bitirir, həm də yeməyin dadını daha intensiv edir.

Bu sadə, lakin effektiv üsullarla hazırladığınız qiymələr həm vizual olaraq daha gözəl görünəcək, həm də dənə-dənə olduğu üçün yeməklərə daha yaxşı hopacaq.

Lalə Qüdrətova
Milli.Az