"Real Madrid"də növbədənkənar seçki elan edildi

14 May 2026 19:56

Madridin "Real" klubu rəsmi saytı vasitəsilə komandanın prezidenti və Direktorlar Şurası üçün növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, seçki komissiyası prosesin rəsmən başladığını elan edib.

Qeyd olunub ki, namizədliklərin irəli sürülməsi üçün ayrılan müddət yalnız 2026-cı il mayın 14-dən 23-nə qədər olan dövrü (həmin günlər də daxil olmaqla) əhatə edəcək.

Əgər birdən çox namizəd qeydiyyata alınarsa, səsvermənin keçiriləcəyi dəqiq tarix və məkan daha sonra ictimaiyyətə bəyan olunacaq. Bundan əlavə, seçki reqlamentinin tələbləri və şərtlərinə uyğun olaraq, poçt vasitəsilə səsvermə hüququ da təmin ediləcək.

Xatırladaq ki, "Real"ın hazırkı prezidenti Florentino Peres bir müddət əvvəl keçirilən təcili mətbuat konfransında seçkilərin anonsunu vermişdi. İspaniyalı funksioner 2000-2006-cı illərdə, 2009-cu ildən bəri isə fasiləsiz olaraq bu nüfuzlu postu tutub.

Milli.Az