Evinə kompüter alanların nəzərinə: diqqətli olun! - ARAŞDIRMA

17 Avqust 2012 19:11
Müasir dövrdə kompüter həyatımızın ayrılmaz elementinə çevrilib. Kompüterin köməyilə yaxınlarımızla əlaqə yaradır, musiqiyə, kinoya baxır, kitab oxuyur və məlumatlar əldə edirik. Bəs kompüter alanda nəyə diqqət etmək lazımdır. Bu barədə İqtisadi İnkişaf Nazirliyi bəzi lazımı məlumatları Anspress vasitəsilə oxucuların diqqətin çatdırır. Məlum olduğu kimi, kompüterlər çoxsaylı hissələrə və funksiyalara malikdir, eyni zamanda fərqli qiymətlərə satılır. Bütün bunlar isə onun alınması zamanı istehlakçını çətinliklərlə üz-üzə qoyur. Ona görə də, kompüter almazdan əvvəl ondan nə üçün istifadə edəcəyinizi özünüz üçün aydınlaşdırın. İnternetdən istifadə, yoxsa hansısa mühüm əməliyyatları həyata keçirmək üçün sizə kompüter lazımdır sualına cavab verdikdən sonra məsələnin əsas hissəsini həll olunmuş hesab etmək və axtarışa çıxmaq olar.

Bu məsələdə qərara gəldikdən sonra kompüter seçmək olar. Kompüteri həm hazır, həm də tələbə və zövqə uyğunlaşdırmaqla almaq olar. Əgər kompüter sistemlərinin xüsusiyyətlərini istənilən səviyyədə bilmirsizsə, onları quraşdırmaqda çətinlik çəkəcəksinizsə, bu halda hazır kompüter almaq daha məqsədəuyğundur. Nəzərə almaq lazımdır ki, kompüterin yaddaşının çox, prosessorunun yüksək iş həcminə malik olması müsbət cəhətlərindəndir. Yox əgər bu tip texnologiyalar haqqında kifayət qədər məlumatlısınızsa, onda müxtəlif hissələri sifariş verməklə sizə lazım olan kompüteri komplektləşdirə bilərsiz.

Kompüter mürəkkəb texnoloji məhsul olduğuna görə onu alarkən qarşıya çıxan çətinliklərdən biri xüsusi terminlərin nə anlama gəldiyini bilməməkdir. Bu səbəbdən malı seçərkən satıcıdan həm kompüter, həm də onun komplektləşdirici hissələri haqqında müfəssəl məlumat almaq vacibdir.

Müqayisə aparmaq üçün müxtəlif mağazalardan eyni qəbildən olan kompüter haqda da informasiya əldə etmək olar. Məhsulla bərabər istehlakçıya üzərində malın və satıcının adı, satış tarixi, qiyməti, eyni zamanda satışı həyata keçirən şəxsin imzası əks olunan sənəd verilməlidir. İstehlakçıya eyni zamanda mağaza tərəfindən malın sənədləri (satışın tarixi və yerini göstərilən texniki pasport, zəmanət talonu və ya onu əvəz edən digər sənəd, istismar təlimatları və digər sənədlər) təqdim edilir.

Kompüter alarkən keyfiyyətinə əmin olmaq üçün onun sənədlərinə diqqət yetirin. Belə ki, satışa qoyulan kompüterlərin müvafiq sənədləri, o cümlədən texniki pasportu və zəmanət talonu olmalıdır.

Qeyd edək ki, mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə qanunvericilikdə inzibati məsuliyyət nəzərdə tutulub. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol vermiş fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək cərimə edilirlər.

Kompüter alarkən onun qablaşdırılmasına fikir vermək lazımdır. Mağazada kompüter və onun hissələrinin qutusunun sizin yanınızda açılmasına çalışın və bunu tələb edin. Bilin ki, istehsalçı tərəfindən qablaşdırılan və möhürlənən qutularda olan mallar daha etibarlıdır.

Bu gün istehlak bazarında satılan kompüterlərə müxtəlif satıcı və istehsalçılar tərəfindən fərqli zəmanət müddətləri tətbiq olunur. Bu, adətən 6 aydan 12 aya qədər müəyyənləşdirilir. Yalnız monitor və printerlərə verilən zəmanət nisbətən uzun müddətli olur. Lakin 2 və 3 il zəmanət verilən mallar da vardır. İstehlakçılara məhz belə mallara üstünlük verməyi tövsiyə edirik. Digər anoloji mallardan bir qədər baha qiymətə satılsa da, zəmanət müddətinin çox olması həmin malların keyfiyyətinə əminliyi artırır, istehlakçıların mal alındıqdan sonrakı dövrdə rahatlığını təmin edir.

İstehsalçı (icraçı) malın, həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini təmin etməlidir.

Bir sıra hallarda alınmış kompüterdə qüsur aşkar olunduğu halda istehlakçı qeyd edilən hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Belə ki, bəzi hallarda, əsasən, servis mərkəzləri zəmanət şərtlərindən istifadə edərək kompüteri təmir etmək və ya dəyişdirilməsindən imtina edir. Buna görə də müddətdən əlavə zəmanətin şərtlərinə də diqqət yetirmək lazımdır. Adətən bir çox satıcılar satışdan sonrakı dövrdə özlərini sığortalamaq və məsuliyyətini azaltmaq üçün zəmanət şərtlərinə bir sıra məhdudlaşdırıcı müddəaları daxil edirlər. Bu, əsasən, komplektləşdirici hissələrə zəmanət verilməməsi və ya çox qısa zəmanət müddəti müəyyənləşdirilməsi ilə bağlı olur. İstehlakçılar çox vaxt mal alarkən belə xüsusiyyətlərə fikir vermirlər. Ancaq malın özünə iki il zəmanət müddəti göstərib onun xeyli komplektləşdirici hissələrinin 1 ay və ya daha qısa, yaxud bir qədər artıq zəmanət müddətinin müəyyən edilməsi əsas malın da zəmanətini praktiki olaraq bu müddətlərə qədər endirir.

Ona görə də zəmanət talonunu alarkən onun üzərində bütün zəruri qeydlərin edilmiş olmasına diqqət yetirin. Belə ki, zəmanət talonu istehsalçı firmanın səlahiyyətli servis mərkəzi tərəfindən müvafiq qaydada doldurulmadığı təqdirdə istehlakçıya zəmanətli xidmət göstərməkdən imtina edilə bilər.

İstehlakçı zəmanət müddəti ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.

İstehlakçının malın dəyişdirilməsi ilə bağlı tələbi ticarət obyektində lazımi keyfiyyətli, eyni modelli, markalı, tipli mal mövcuddursa, satıcı tərəfindən dərhal təmin olunmalıdır. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış malların dəyişdirilməsi ilə bağlı öhdəliklər satıcı tərəfindən yerinə yetirilməlidir.

Milli.Az