Avropa Dərman Agentliyi (EMA) hantavirusla bağlı narahatedici açıqlama yayıb.
Milli.Az xəbər verir ki, agentlik bildirib ki, hazırda hantavirusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi antiviral müalicə mövcud deyil. Müalicə əsasən erkən diaqnoz və xəstəyə dəstəkləyici tibbi yardım göstərilməsi ilə məhdudlaşır.
Açıqlama "MV Hondius" adlı lüks kruiz gəmisində baş verən ölüm halları fonunda verilib. Gəmidə üç sərnişinin hantavirus səbəbindən həyatını itirdiyi bildirilib. İlk ölüm 11 apreldə 70 yaşlı hollandiyalı sərnişində qeydə alınıb. Daha sonra onun həyat yoldaşı və bir alman qadın sərnişin də vəfat edib.
EMA rəsmisi Yasmina Alcazar bildirib ki, virusa qarşı peyvənd və antikor əsaslı müalicələrin hazırlanması hələ ilkin mərhələdədir. Covid-19 dövründə istifadə edilən Favipiravir kimi dərmanların hantavirus hallarında effektivliyi isə elmi olaraq tam sübut edilməyib.
Agentlik həmçinin vurğulayıb ki, antiviral preparatlar geniş istifadəyə verilməzdən əvvəl laboratoriya və klinik sınaqlardan keçməlidir.
Hantavirus əsasən gəmiricilər vasitəsilə insanlara keçir və bəzi hallarda ağır tənəffüs çatışmazlığına səbəb ola bilir.
Milli.Az