ABŞ Prezidenti Donald Tramp Çinə iki günlük rəsmi səfəri çərçivəsində Pekində Çin lideri Xi Jinping ilə görüşüb.
Milli.Az xəbər verir ki, görüş ABŞ və Çin arasında son illərin ən mühüm diplomatik təmaslarından biri hesab olunur.
Pekindəki Xalq Yığıncaqları Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra liderlər ikitərəfli danışıqlara başlayıblar. Si Cinpin ABŞ-Çin münasibətlərinin qlobal sabitlik üçün mühüm rol oynadığını vurğulayıb və 2026-cı ilin əlaqələr baxımından həlledici ola biləcəyini bildirib. Donald Tramp isə iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə ümid etdiyini deyib.
Danışıqlarda Yaxın Şərqdəki müharibə, qlobal enerji təhlükəsizliyi, Tayvan məsələsi, ticarət əlaqələri və texnologiya sahəsində rəqabətin əsas mövzular olduğu bildirilir. ABŞ tərəfi Tayvana silah satışı və Honkonqda həbsdə olan media maqnatı Cimmi Leyin məsələsini də gündəmə gətirməyi planlaşdırır.
Səfər çərçivəsində aviasiya, kənd təsərrüfatı və enerji sahələrində yeni ticarət razılaşmalarının imzalanması da gözlənilir. Vaşinqton xüsusilə Çinin "Boeing" təyyarələri, soya məhsulları və LNG idxalı ilə bağlı böyük müqavilələr bağlayacağına ümid edir.
Donald Tramp Pekinə dövlət katibi Marco Rubio və müdafiə naziri Pete Hegseth daxil olmaqla yüksək səviyyəli nümayəndə heyəti ilə səfər edib. Səfər çərçivəsində rəsmi şam yeməyi və tarixi məkanlara birgə ziyarətlər də planlaşdırılır.
Milli.Az