Dizayner Gülnarə Xəlilova dördüncü dəfə Aspara Fashion Week (Qazaxıstan, Taraz) beynəlxalq moda layihəsində Azərbaycanı təmsil edib. Dünyanın müxtəlif ölkələrindən dizaynerləri, moda ekspertlərini və sənətsevərləri bir araya gətirən layihənin 17-ci mövsümü bu il də böyük maraqla qarşılanıb.
Gülnarə Xəlilovanın Aspara Fashion Week çərçivəsində nümayiş etdirdiyi kolleksiyalar artıq festivalın ən çox gözlənilən təqdimatlarından birinə çevrilib. Dizaynerin milli motivləri müasir dizayn və bədii konsepsiya ilə uğurla birləşdirməsi hər zaman tamaşaçıların xüsusi marağına səbəb olur. Bu dəfə o, "Upcycling" adlı yeni kolleksiyasını təqdim edib. Kolleksiya materialların təkrar istifadəsi və əşyaların modada yeni dəyər qazanması ideyasına həsr olunub.
Kolleksiya ekoloji yanaşmanı, müəllif üslubunu və etnik estetika elementlərini özündə birləşdirərək ənənələrin müasir moda məkanında necə harmonik şəkildə yaşaya biləcəyini nümayiş etdirib. Fakturalar, siluetlər və detallarla dizayner şüurlu istehlak mövzusunu ön plana çıxararaq modanı yalnız incəsənət deyil, həm də mədəni mesaj kimi təqdim edib. Defilenin yekununda Gülnarə Xəlilova fəxri diplomla təltif olunub.
Aspara Fashion Week-in 17-ci mövsümündə 35-dən çox ölkədən dizayner iştirak edib. Beynəlxalq platforma ənənəvi olaraq Avropa və Asiya modası arasında körpü rolunu oynayır, etnomədəni dəyərlərə, milli geyim ənənələrinə və mədəni irsin müasir interpretasiyalarına xüsusi diqqət ayırır. Aspara Fashion Week 2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən biri olan Aydarxan Kaliyev tərəfindən yaradılmışdır.
Gülnarə Xəlilova - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və "Cizgi" brendinin sahibidir. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.
Milli.Az