Bakıda hər bir notun minnətdarlığa çevrildiyi “İthaf” axşamı - FOTO

13 May 2026 15:05

Beynəlxalq Muğam Mərkəzində (BMM) gənc vokalçı Riad Ağanın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "İthaf" adlı solo konserti keçirilib.

Musiqi axşamı "İRƏLİ" İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konsert proqramı Ümummilli Liderin zəngin dövlətçilik irsini, milli-mənəvi dəyərlərə bağlılığını və Azərbaycan mədəniyyətinə göstərdiyi xüsusi diqqəti musiqinin dili ilə tamaşaçılara çatdırıb. Gənc vokalçının ifasında səsləndirilən biri-birindən rəngarəng əsərlər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Riad Ağanın müəllimi, opera müğənnisi, Əməkdar artist Ramil Qasımov çıxış edərək onun gənc yaşına baxmayaraq səhnədə peşəkar yanaşması, musiqiyə həssas münasibəti və tamaşaçı ilə qurduğu səmimi emosional bağ ilə seçildiyini bildirib. Qeyd edib ki, Riadın repertuar seçimində milli musiqiyə və klassik vokal ənənələrinə xüsusi diqqət hiss olunur.

Ramil Qasımov vurğulayıb ki, gənc ifaçının səhnə mədəniyyəti, zəhmətkeşliyi və sənətə bağlılığı onun gələcəkdə Azərbaycan vokal sənətində özünəməxsus yer tutacağına böyük ümid yaradır.

Konsertdə Tofiq Quliyevin "Azərbaycan", Sevil Əliyevanın "Əziz ana", Fikrət Əmirovun "Mən səni araram", Emin Sabitoğlunun "Şükriyyə", "Ayrılıq", Hacı Xanməmmədovun "Gözünə qurban", Oqtay Kazıminin "Ey xəyal" və digər musiqi nömrələri ifa olunub.

Vokalçını pianoçu Cəlal Səmədov müşayiət edib. Bildirək ki, Riad Ağa bu günədək Azərbaycan Milli İncəsənət Muzeyində "Xoşladığım bir gecə", "Oyan, bülbül" və Beynəlxalq Muğam Mərkəzində "Salam, Rişad" adlı solo konsert proqramları ilə çıxış edib.

O, "İlin könüllüsü" və "İlin gənci" nominasiyaları üzrə təltif olunub.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az