Süni intellekt 27 il əvvəlki qətli açdı

13 May 2026 10:44

Rusiya İstintaq Komitəsi Moskvada 1990-cı illərin sonunda törədilmiş rezonanslı qətlin süni intellekt texnologiyası sayəsində açıldığını bildirib.

Milli.Az xəbər verir ki, məlumata görə, keçmiş rayon prokuroru Vitali Tixomirov və həyat yoldaşı Viktoriya Tixomirovanın qətli 1998-ci ilin dekabrında baş verib. Cütlüyün qızı valideynləri ilə əlaqə saxlaya bilmədikdən sonra polisə müraciət edib.

Hüquq-mühafizə orqanları mənzilə daxil olarkən qadını mətbəxdə, həyat yoldaşını isə qonaq otağında huşsuz vəziyyətdə aşkarlayıblar. Hər iki şəxsin əlləri və boyunlarının bağlı olduğu, bədənlərində çoxsaylı bıçaq xəsarətləri olduğu bildirilib.

Cinayətkarların mənzildən xəz palto və XIX əsrə aid ikon oğurladığı qeyd olunub. İş uzun illər açılmamış qalıb.

2025-ci ildə müstəntiqlər hadisə yerində tapılmış natamam barmaq izlərini yenidən araşdırmaq qərarına gəliblər. Süni intellekt sistemi həmin izlərin çatışmayan hissələrini bərpa edərək federal məlumat bazasındakı nümunələrlə müqayisə edib.

Araşdırma nəticəsində Moskva vilayətinin Dubna şəhərindən olan 59 yaşlı Sergey Lapşin saxlanılıb. İstintaqın məlumatına görə, o, keçmişdə hüquq-mühafizə orqanlarında çalışıb və daha sonra cinayət aləminə qoşulub.

Şübhəli 27 il əvvəl törədilən cinayəti etiraf edib. Bildirilib ki, o, ailənin tanışı olan Viktoriya Koçerginanın verdiyi məlumat əsasında hərəkət edib. İddiaya görə, qadının cinayətkar qruplara borcu olub və bu səbəbdən soyğun planlaşdırılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Fidan
Milli.Az