1907-ci ildə əsası qoyulan "Komo 1907" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanmağa çox yaxınlaşıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, komanda növbəti mövsümdə Avropa turnirlərindən birində çıxış edə bilər.
Hazırda klubun baş məşqçisi olan keçmiş məşhur futbolçu Sesk Fabreqas rəhbərliyi altında "Komo" uğurlu mövsüm keçirir. Komanda Seriya A-nın 36-cı turunda "Hellas Verona" üzərində 1:0 hesablı qələbə qazanaraq turnir cədvəlində ilk altılıqdakı yerini möhkəmləndirib.
Bu nəticədən sonra xalını 65-ə yüksəldən "Komo 1907" artıq avrokubok zonasından kənarda qalmayacağını təmin edib. Komandanın əsas izləyiciləri mövsümün son iki turunda onlara çata bilməyəcək.
Maraqlıdır ki, "Komo" təkcə Konfrans Liqası deyil, daha yüksək pillələr uğrunda da mübarizəni davam etdirir. Klub hazırda üçüncü pillədə qərarlaşan "Yuventus"dan cəmi bir neçə xal geri qalır.
Qeyd edək ki, Seriya A-da ilk dörd pilləni tutan komandalar UEFA Çempionlar Liqasına, beşinci yerin sahibi Avropa Liqasına, altıncı pillədə qərarlaşan kollektiv isə Konfrans Liqasına vəsiqə əldə edir.
Beləliklə, 119 illik tarixə malik "Komo 1907" ilk dəfə Avropa futbol səhnəsində görünməyə hazırlaşır.
Hüseyn
Milli.Az