Suyun altına görünməz baryer qurdular: Qabarcıqlarla zibillərin qaçışı əngəllənir

14 May 2026 08:41

Niderlandın paytaxtı Amsterdamda bir neçə ildir istifadə edilən "qabarcıq baryeri" sistemi kanal sularındakı plastik tullantıları toplama üsulu ilə diqqət çəkir. Suyun altına yerləşdirilən sistem, hava qabarcıqları sayəsində plastikləri müəyyən bir nöqtəyə yönləndirir.

Milli.Az xəbər verir ki, bu sistem kanal sularındakı plastik tullantıları toplamaq üçün fərqli bir üsuldan istifadə edir. Şəhərin kanallarına yerləşdirilən və kənardan baxdıqda demək olar ki, hiss olunmayan "qabarcıq baryeri" suyun altından verilən hava qabarcıqları ilə plastikləri müəyyən bir nöqtəyə istiqamətləndirir. Sistemdə beton divar, tor və ya fiziki bir maneənin olmaması isə ən diqqətçəkən detallar arasındadır.

Vesterdok (Westerdok) kanalında quraşdırılan sistemdə kanalın dibinə yerləşdirilən dəlikli borular vasitəsilə daim hava verilir. Yaranan hava qabarcıqları suyun içində görünməz bir pərdə yaradaraq plastik tullantıları müəyyən bir nöqtəyə doğru itələyir. Beləliklə, zibillər çaya, oradan isə Şimal dənizinə çatmadan toplana bilir.

Sistem qayıqları və balıqları əngəlləmir
Layihəni hazırlayan komanda bildirir ki, bu üsul ənənəvi baryerlərdən fərqli olaraq su nəqliyyatını dayandırmır. Qabarcıq sistemi suyun altında işlədiyi üçün qayıqların keçidinə təsir göstərmir. Eyni zamanda, balıqların hərəkətinə mane olan fiziki torlardan da istifadə edilmir.

Sistemin iş prinsipində su axını mühüm rol oynayır. Hava qabarcıqları sayəsində yüngül plastik tullantılar kanalın kənarına doğru yönləndirilir və burada toplanır. Xüsusilə şəhər kanallarında yığılan kiçik plastik parçalarının dənizə çatmasının qarşısının alınması hədəflənir.

Amsterdamdakı tətbiq ekoloji texnologiyalar sahəsində diqqətçəkən nümunələrdən biri kimi göstərilir. Sistemin aşağı enerji ilə işləməsi və şəhərin görünüşünü dəyişdirməməsi mühüm üstünlüklər arasında dəyərləndirilir. Həmçinin, fiziki baryer istifadə edilmədiyi üçün baxım xərclərinin də daha aşağı ola biləcəyi ifadə edilir.

Bənzər qabarcıq baryerlərinin gələcəkdə fərqli şəhərlərdəki çaylarda və limanlarda da istifadə edilə biləcəyi müzakirə olunur. Xüsusilə okeanlara çatan plastik miqdarını azaltmaq istəyən şəhərlərin bu texnologiyaya maraq göstərməyə başladığı bildirilir.

Lalə Qüdrətova
Milli.Az