Toz və səs-küyü azaltmaq üçün tikinti sahəsini nəhəng qabarcıqlarla örtdülər

14 May 2026 00:37

Çində bəzi böyük inşaat layihələrində nəhəng şişmə günbəz sistemlərindən istifadə edilməyə başlanılıb. Şəhərlərin mərkəzində qurulan bu yapılar iş sahəsini tamamilə qapadaraq kənara yayılan toz və səs-küyü azaltmağı hədəfləyir.

Milli.Az xəbər verir ki, sistem xüsusilə sıx məskunlaşmış bölgələrdə tətbiq olunur. Tikinti sahəsinin üzərini tamamilə örtən şişmə quruluş sayəsində ağır texnikadan çıxan səsin və havaya yayılan incə tozun böyük hissəsinin daxildə saxlanıldığı bildirilir. Yerli mənbələrin məlumatına görə, bu sistem toz çirklənməsini 90 faizə qədər azalda bilir.

Nəhəng şişmə zonalar yaradılır
Ən diqqətçəkən nümunələrdən biri Çinin Tszinan (Jinan) şəhərində qurulan nəhəng günbəz olub. Təxminən üç futbol meydançası böyüklüyündəki bu qurğu aktiv tikinti sahəsini tamamilə örtəcək şəkildə dizayn edilib. Günbəzin daxilindəki hava təzyiqi xüsusi ventilyasiya sistemləri ilə daim tarazlıqda saxlanılır.

Strukturun daxilində temperatur, təzyiq və hava keyfiyyəti sensorları yerləşir. Həmçinin havadakı hissəcikləri azaltmaq üçün filtrləmə və dumanlama sistemlərindən istifadə olunur. Beləliklə, inşaat davam edərkən ətrafda yaşayan insanların gündəlik həyatına minimum təsir göstərilməsi məqsəd qoyulub.

Məqsəd inşaatı dayandırmadan çirklənməni azaltmaqdır
Çində sürətli urbanizasiya səbəbindən böyük şəhərlərdə tikinti qaynaqlı səs-küy və hava çirkliliyi uzun müddətdir müzakirə mövzusudur. Rəsmilər hesab edir ki, bu cür qapalı sistemlər xüsusilə sıx yaşayış zonalarında standarta çevrilə bilər.

Çinin ətraf mühit və şəhərsalma layihələri çərçivəsində bənzər şişmə qurğuların 2030-cu ilə qədər daha geniş yayılması planlaşdırılır. Xüsusilə böyük şəhərlərdəki metro, yaşayış binaları və infrastruktur layihələrində sistemə daha çox üstünlük veriləcəyi bildirilir. Bənzər sistemlər daha əvvəl fərqli ölkələrdə kiçik miqyasda sınaqdan keçirilsə də, Çinin istifadə etdiyi qurğular indiyə qədər tətbiq olunan ən böyük nümunələr arasında göstərilir.

Lalə Qüdrətova
Milli.Az