Toyuqlar niyə uça bilmir?

13 May 2026 05:05

Toyuqlar əslində uça bilirlər; lakin çox uzağa və ya çox yüksəyə deyil, daha çox qısamüddətli və alçaq hündürlükdə uçuşlar edirlər. Hətta buna uçmaq yox, qanad dəstəkli güclü bir sıçrayış hərəkəti demək daha doğru olar. Beləcə yerdəki yırtıcılardan qaça bilər və hündür budaqlara çıxaraq gecələyə bilərlər.

Milli.Az xəbər verir ki, bütün quşlar eyni şəkildə uçmur; hətta qanad istifadə formaları belə fərqlidir. Bəziləri uzun müddət süzülməyə uyğundur, bəziləri qəfil eniş edir, bəziləri havada asılı qala bilir, qalanı isə qısa məsafəli sürətli uçuşlar həyata keçirir. Toyuqlar da yerdə yaşayan bəzi quşlar kimi, əsasən qaçış məqsədli uçuşa uyğunlaşıblar. Bu baxımdan onları suyun üzünə çıxıb qısa müddət süzülən uçan balıqlara bənzətmək olar ki, texniki olaraq onlar da həqiqi mənada uçmurlar.

Bəzi quşlar təkamül prosesində uçma qabiliyyətlərini itiriblər. Çünki uçmaq onlar üçün artıq zəruri deyildi və ya başqa üstünlüklər daha vacib hala gəldi. Dəvəquşları, emular, kivilər və pinqvinlər buna nümunədir. Bu növlərin bədən quruluşları zamanla uçmağa yararlı olmaqdan çıxaraq qaçmaq, üzmək və ya enerji qənaəti kimi üstünlüklər inkişaf edib.

Toyuğun əcdadı olan vəhşi meşə toyuqları əslində kifayət qədər yaxşı qısa məsafəyə uça bilirlər. Xüsusilə ağaclara çıxa bilir və təhlükədən qaça bilirlər. Ancaq ev heyvanı olan toyuqlarda vəziyyət dəyişib. Belə ki, insan tərəfindən aparılan seleksiya nəticəsində, xüsusilə ətlik toyuqlar daha ağır və iri gövdəli hala gətirilmiş, uçma qabiliyyəti isə diqqətdən kənarda qalmışdır. Hətta praktik baxımdan baxsaq, fermerlər üçün daim hasarı aşan və ya ağaclara qaçan toyuqlar ciddi problem yaradardı.

Bu gün bir çox ev toyuğu qısa məsafədə qanad çalaraq yüksəlsə də, oxşar ölçüdəki digər quşlarla müqayisədə kifayət qədər pis uçur. Xüsusilə yetişdirilən toyuqlar həddindən artıq sürətli böyümə və yüksək çəkiləri səbəbindən bəzən düzgün yeriməkdə belə çətinlik çəkə bilirlər.

Buna dar sahələrdə saxlanılmalarını və ya bəzi yerlərdə qanad lələklərinin kəsilməsini də əlavə etdikdə, uçma davranışı daha da məhdudlaşır. 

Lalə Qüdrətova
Milli.Az