Bu bölgədə heç yatmayan bir düşmən var

14 May 2026 20:10

Atlantik okeanının ortasındakı Azor adaları 26 aktiv yanardağı ilə "heç yatmayan bir düşmən" kimi hər an ayıq-sayıq gözləyən nəhəng bir geoloji gücə ev sahibliyi edir.

Milli.Az xəbər verir ki, Portuqaliyaya bağlı Azor arxipelaqı lav, kül və bitmək bilməyən vulkanik sarsıntıların kölgəsində formalaşmağa davam edir. Doqquz fərqli adaya yayılmış 26 aktiv yanardağ bölgənin "cəhənnəmin qapıları" kimi adlandırılmasına səbəb olsa da, bu geoloji aktivlik turistlər üçün qeyri-adi bir cazibə mərkəzi yaradır. Mütəxəssislər adaların altındakı seysmik fəaliyyətin yer kürəsinin hələ sakitləşmədiyini göstərən canlı bir proses olduğunu vurğulayırlar.

Arxipelaqın ən strateji nöqtəsi olan Piko dağı dəniz səviyyəsindən 2 min 351 metr hündürlüyü ilə Portuqaliyanın ən yüksək zirvəsidir. Dağın su altında qalan 6 min metrlik nəhəng gövdəsi onu Ginnesin Rekordlar Kitabına daxil olan nadir təbiət abidələrindən birinə çevirir. Sonuncu dəfə 1963-cü ildə fəaliyyət göstərən bu vulkan keçmiş püskürmələrdən qalan qara lav qayaları və bərkimiş atəş izləri ilə adanın simasını müəyyən etməyə davam edir.

Azor adaları üzrə tədqiqatçı Kit Polo bildirir ki, bölgədəki təhlükə yalnız lavalarla məhdudlaşmır. Polo bölgənin dik coğrafi quruluşu və illik bol yağıntılar səbəbindən yumşalan zəminin tez-tez sürüşmələrə yol açdığını ifadə edir. Bu vəziyyət vulkanik materialın daim hərəkətdə olmasına və adaların coğrafi strukturunun hər il yenidən formalaşmasına səbəb olur.

Arxipelaqın digər kritik nöqtəsi olan San-Migel adası təxminən 15 min il əvvəl yaranmış gənc bir vulkanik mərkəzə malikdir. Bu gün səthdə sakit bir göl (kaldera) kimi görünən ərazinin dərinliklərində vulkanik həyat davam edir. Suyun üzünə çıxan qaz qabarcıqları yeraltı maqmatik aktivliyin sürdüyünü sübut edən real göstəricilər hesab olunur.

Aktiv bir dağın zirvəsində olmağın yaratdığı adrenalin bölgəyə marağı artırsa da, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə saxlanılır. Piko dağına dırmaşmaq istəyən ziyarətçilərin xüsusi icazə alması və sertifikatlı bələdçilərin müşayiəti ilə hərəkət etməsi məcburidir. Təxminən 4 saat davam edən çətin dırmanma boyu mütəxəssislər bölgədəki qaz sızmalarını və seysmik hərəkətləri anlıq olaraq izləyirlər.

Lalə Qüdrətova
Milli.Az