İki paytaxtı bir-birinə bağlayan qatar on ildən sonra geri qayıdır

13 May 2026 00:22

Yanacaq böhranının yaşandığı bu günlərdə neft qiymətlərindəki qeyri-müəyyənlik həm ölkələri, həm də turistləri Avropanın komfortlu dəmir yolu şəbəkəsinə yönəldir.

Milli.Az xəbər verir ki, aviasiya sektorundakı xərclərin artması səyahətsevərləri qatarlara üstünlük verməyə sövq edir. Bu yayın ən böyük müjdəsi isə dəmir yolu həvəskarları üçün gəlib. Praqa və Kopenhagen arasında birbaşa qatar səfərləri rəsmən başlayıb. 1 may tarixindən etibarən xidmətə girən yeni xətt Avropanın ən populyar iki mədəniyyət paytaxtını birləşdirir. Sərnişinlər bir bilet üçün 53 sterlinqdən (təxminən 115 AZN) başlayan cəlbedici qiymətlərlə bu bənzərsiz marşrutdan yararlana biləcəklər. Avropa Komissiyası tərəfindən sərhədlərarası dəmir yolu nəqliyyatını inkişaf etdirmək məqsədilə dəstəklənən bu layihə, qitə üzrə planlaşdırılan 10 strateji xətdən biri olma xüsusiyyətini daşıyır.

Praqanın tarixi ana vağzalı olan "Hlavní Nádraží" stansiyasından hərəkət edən qatarlar yalnız iki şəhəri birləşdirmir, həm də Almaniyanın ən vacib nöqtələrindən keçir. Sərnişinlər istədikləri təqdirdə aşağıdakı şəhərlərdə düşə bilərlər:

Drezden

Berlin

Hamburq

Səfər məlumatları
Praqadan səhər saat 06:30-da yola düşən qatar, axşam 19:38-də Kopenhagenə çatır. Yüksək tələbat nəzərə alınaraq yay mövsümü boyunca saat 16:30-da hərəkət edən əlavə bir səfər də təşkil olunacaq. Ümumi yolçuluq təxminən 13 saat davam etsə də, Avropanın qəlbindən keçən mənzərələr bu müddəti unudulmaz bir təcrübəyə çevirir. Çexiya Dəmir Yolları (ČD) tərəfindən idarə olunan son texnologiyalı "ComfortJet" qatarları yolçuluğu sadəcə nəqliyyat deyil, bir həzz vasitəsinə çevirməyi hədəfləyir.

Qatarda təqdim olunan imkanlar:

Qurman restoranlar: Yol boyu ləzzətli təamlar.

Uşaq kinoteatrı: Ailələr üçün nəzərdə tutulmuş xüsusi əyləncə zonası.

Komfort və texnologiya: Pulsuz Wi-Fi, inkişaf etmiş əyləncə sistemləri, kondisioner və səssiz vaqon seçimləri.

Velosiped dostu: Velosipedi ilə səyahət etmək istəyənlər üçün xüsusi saxlama yerləri.

Yeniliklər yalnız Praqa-Kopenhagen xətti ilə məhdudlaşmayacaq. Avropa Komissiyasının dəstəyi ilə səyahətsevərləri həyəcanlandıracaq növbəti böyük marşrut yoldadır. 2026-cı ilin dekabr ayından etibarən Münhen - Milan - Roma xəttinin istifadəyə verilməsi gözlənilir.

Lalə Qüdrətova
Milli.Az