Pendirləri məhv edən 12 saxlama xətası

12 May 2026 22:54

Səhər süfrələrinin tacı olan pendirlər yanlış saxlama şəraiti səbəbindən qısa müddətdə quruya və ya kiflənməyə məruz qala bilər. Bir çoxumuzun praktik olduğu üçün seçdiyi plastik qablar və streç filmlər əslində pendirin strukturunu pozan ən böyük düşmənlərdir. Pendirin növünə görə düzgün saxlama üsullarını bilmək həm ləzzəti qoruyur, həm də israfın qarşısını alır.

Milli.Az xəbər verir ki, pendir yaşayan və nəfəs alan bir qida olduğu üçün xüsusi diqqət tələb edir. Professional aşpazların tövsiyə etdiyi aşağıdakı qaydalara əməl etməklə pendirin dadını və teksturasını ilk günkü kimi saxlaya bilərsiniz.

Pendiri streç filmə sarımaq
Pendiri plastik streç filmlə sıx sarımaq ən çox edilən səhvlərdən biridir. Pendir nəfəs ala bilmədikdə öz dadını itirir və səthində zərərli bakteriyaların yaranması üçün şərait yaranır. Streç film nəmi içəridə həbs edərək pendirin selikli bir forma almasına səbəb olur. Bunun əvəzinə hava keçirən kağızlardan istifadə edilməlidir.

Market qablaşdırmasında saxlamaq
Marketdən alınan pendirlərin plastik qabları uzunmüddətli saxlama üçün nəzərdə tutulmayıb. Evə gələn kimi pendiri həmin paketdən çıxarmalısınız. Orijinal qablaşdırma xarici qoxuları özünə çəkir və pendirin tez bərkiməsinə səbəb olur.

Çox sıx paketləmə aparmaq
Pendiri hava almasın deyə həddindən artıq sıx sarımaq onun təbii inkişaf prosesini dayandırır. Bu zaman amonyak qoxusu yaranır və bu birbaşa ləzzətə təsir edir. Ən idealı yağlı kağızdan (perqament) istifadə edərək boş şəkildə bükməkdir.

Yanlış kağız seçimi
Mətbəx dəsmalları və ya alüminium folqa pendir saxlamaq üçün uyğun deyil. Xüsusilə folqa pendirdəki turşularla reaksiyaya girərək ona metal dadı verə bilər. Ən yaxşı seçim yağlı bişirmə kağızlarıdır.

Soyuducunun yanlış rəfini seçmək
Pendir üçün ən ideal yer soyuducunun aşağı hissəsində yerləşən tərəvəz siyirtməsidir. Soyuducunun qapısı və ya yuxarı rəfləri temperaturun tez-tez dəyişdiyi yerlər olduğu üçün pendirin tez xarab olmasına səbəb olur.

Dondurucuda saxlamaq yanlışlığı
Pendiri dondurucuya qoymaq onun daxili strukturunu tamamilə pozur. Dondurucudan çıxan pendir ovulur, yağsız və quru olur. Yalnız rəndələnmiş pendirləri bişirmək məqsədilə dondurmaq olar, lakin süfrəyə veriləcək pendir üçün bu tövsiyə edilmir.

Pendiri açıqda qoymaq
Kəsilmiş pendiri masanın üzərində uzun müddət saxlamaq onun oksidləşməsinə və rənginin dəyişməsinə səbəb olur. Ehtiyacınız olan qədərini kəsib, qalanını dərhal bükərək soyuducuya qaytarın.

Fərqli pendirləri eyni qabda saxlamaq
Kəskin qoxulu bir pendirlə yüngül aromalı pendiri eyni qaba qoymaq tatların bir-birinə qarışmasına səbəb olur. Həmçinin bir pendirdəki kif digərinə asanlıqla keçə bilər. Hər pendiri öz kağızında saxlamaq vacibdir.

Çirkli bıçaqla pendiri kəsmək
Başqa bir qida kəsilmiş bıçaqla pendir dilimləmək çarpaz çirklənməyə yol açır. Bıçaqdakı kiçik bir çörək qırıntısı belə pendirin bir neçə günə kiflənməsi üçün kifayətdir.

Pendirin duzlu suyunu tökmək
Ağ pendir kimi duzlu suyun içində satılan pendirlərin suyunu tökməyin. Bu su pendiri həm nəmli saxlayır, həm də hava ilə təmasını kəsir. Əgər su azdırsa, təmiz su və duzla yeni məhlul hazırlayıb üzərinə əlavə edə bilərsiniz.

Pendirdə kif görüldükdə hamısını atmaq
Bərk pendirlərin üzərində kiçik kif ləkəsi görsəniz, bütün hissəni atmağa ehtiyac yoxdur. Kifli hissəni bir qədər dərindən kəsib ataraq qalan hissəni yeni kağıza büküb saxlaya bilərsiniz. Lakin bu qayda şor və ya yumşaq pendirlərə aid deyil.

Servisdən əvvəl otaq temperaturuna gətirməmək
Soyuducudan çıxan buz kimi pendir öz əsl ətrini və dadını tam verə bilmir. Pendiri yeməzdən 15-20 dəqiqə əvvəl çıxarıb otaq temperaturunda gözlətmək yağların yumşalmasına və ətirli maddələrin üzə çıxmasına kömək edir.

Lalə Qüdrətova
Milli.Az