Şərbəti tam qərarında çəkən yumşaq teksturası və üzərinə əlavə edilən qaymaqla damaqda iz qoyan ləzzəti ilə Kamalpaşa şirniyyatı ənənəvi türk şirniyyatları arasında hər zaman sevilən klassiklərdən biridir.
Milli.Az xəbər verir ki, xüsusilə çay saatlarında və qonaq süfrələrində üstünlük verilən bu təam praktik hazırlanması və güclü aroması ilə mətbəxlərin əvəzolunmazıdır. Üzərinə səpilən kokos, püstə və ya müxtəlif çərəzlərlə təqdimatı daha da zənginləşən Kamalpaşa şirniyyatı, hər loxmada tarazlanmış şəkəri ilə şirniyyatsevərlərin favoritidir.
Lazım olan məhsullar
Xəmiri üçün:
1 stəkan mannı yarması
1 stəkan un
1 ədəd yumurta
Yarım çay stəkanı duru yağ
Yarım çay stəkanı qatıq
1 paket vanil
1 paket qabartma tozu
1 yemək qaşığı kərə yağı
Şərbəti üçün:
2,5 stəkan şəkər tozu
3 stəkan su
1 çay qaşığı limon suyu
Üzəri üçün:
Kokos rəndəsi, üyüdülmüş püstə, xırdalanmış fındıq və qaymaq.
Hazırlanma qaydası
Dərin bir qabda yumurta, qatıq, duru yağ və əridilmiş kərə yağını qarışdırın.
Mannı yarması, un, vanil və qabartma tozunu əlavə edin. Ələ yapışmayan, yumşaq bir xəmir alınana qədər yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qoparın, ovucunuzda yuvarlayaraq üzərinə yüngülcə basın.
Şəkil verdiyiniz xəmirləri yağlı kağız sərilmiş formaya düzün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəriləri yüngül qızarana qədər bişirin.
Ayrı bir qazanda su və şəkəri qaynadın. Limon suyunu əlavə edib bir neçə dəqiqə daha qaynadaraq şərbəti hazırlayın.
Sobadan çıxan isti şirniyyatları ilıq şərbətin içinə atın və şərbəti yavaş-yavaş çəkmələrini gözləyin.
Şirniyyatlar yumşalıb həcm qazandıqda servis boşqabına düzün.
Üzərinə qaymaq qoyun, kokos, püstə və fındıq səpərək servis edin. Nuş olsun!
Şirniyyatı bir qədər soyuduqdan sonra üzərinə qaymaq və ya istəyə görə bir az tahin (küncüt pastası) gəzdirərək təqdim edə bilərsiniz. Yanında türk qəhvəsi və ya tünd çay ilə əla vəhdət təşkil edir.
İşin sirri
Xəmirin çox bərk olmaması şirniyyatın daha yumşaq alınmasına kömək edir.
Şərbətin çox qatı olmaması lazımdır ki, şirniyyat onu daxilinə rahat çəkə bilsin.
Sobadan çıxan isti şirniyyatları çox gözlətmədən şərbətlə görüşdürmək daha yaxşı nəticə verir.
Lalə Qüdrətova
Milli.Az