Dünyanın aparıcı qarışıq döyüş sənəti (MMA) təşkilatı olan UFC, iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək möhtəşəm yüngül çəki qarşılaşması ilə yenidən Bakıya dönür.
Milli.Az xəbər verir ki, gecənin əsas döyüşündə yüngül çəkidə 9-cu pillədə qərarlaşan Rafael Fiziev reytinqdə 14-cü yerdə olan nokaut ustası Manuel Torreslə qarşılaşacaq.
UFC® FIGHT NIGHT: FIZIEV vs TORRES tədbirinin biletləri 15 may, cümə günü saat 10:00-da iTicket üzərindən satışa çıxarılacaq. Fight Club üzvləri 13 may, çərşənbə günü saat 10:00-da bilətlərini əldə edə biləcəklər. Tədbirə maraq göstərərək öncədən qeydiyyatdan keçən şəxslər isə biletləri 14 may, cümə axşamı günü eyni saatda əldə edəcəklər.
2025-ci ildə uğurla baş tutmuş debüt tədbirindən sonra UFC yenidən Bakıya qayıdaraq döyüş idman həvəskarlarına Oktaqonda® daha bir yüksək gərginlikli gecə təqdim edəcək. Dünyanın müxtəlif ölkələrindən olan elit idmançıların iştirakı ilə keçiriləcək bu gecə həm uzun illərin UFC azarkeşləri, həm də yeni izləyicilər üçün ilin ən yaddaqalan idman hadisələrindən biri olmağa namizəddir.
Azarkeşlərin sevimlisi Fiziev (13-5) dağıdıcı "striking" texnikası və yüksək səviyyəli Muay Thai nokaut gücü ilə yenidən Oktaqona qayıdır. Yüngül çəki döyüşçüsü Rafael dos Anjos və Brad Riddell üzərində qazandığı yaddaqalan qələbələrlə tanınır. Ötən ilin iyununda Bakıda Ignacio Bahamondes üzərində yekdil qərarla qalib gələn reytinqin 9 nömrəli döyüşçüsü Azərbaycan tamaşaçılarını yenidən coşdurmağa çalışacaq.
Torres (17-3, Meksikanın Çiuaua ştatının Ciudad Madera şəhərini təmsil edir) isə qələbələrinin 17-dən 16-sını ilk raundda başa vuraraq qısa müddətdə diqqət çəkən iddiaçılardan birinə çevrilib. UFC-də keçirdiyi bütün beş qələbəli döyüşdən bonus qazanan Torres Grant Dawson, Drew Dober və Nikolas Motta üzərində möhtəşəm finişlərlə yadda qalıb və yüngül çəki reytinqində yüksəlişini davam etdirmək niyyətindədir.
Gecənin ikinci əsas qarşılaşmasında nokaut ustası Şara Maqomedov (16-1, Dağıstan, Rusiya) orta çəkidə Mişel Pereyra (32-14, 2 NC, Rio-de-Janeyro, Braziliya) ilə qarşılaşacaq. Hər iki döyüşçü qeyri-adi "striking" üslubu ilə tanındığından bu qarşılaşmanın gecənin ən baxımlı döyüşlərindən biri olacağı gözlənilir.
Turnirin digər döyüşləri:
● Bakı əsilli Nazim Sadıxov (11-2-1, hazırda Las-Veqası təmsil edir) yüngül çəkidə Mateus Kamilo (10-3-0, Rio-de-Janeyro, Braziliya) ilə qarşılaşacaq.
● Yüngül çəkidə Asu Almabayev (23-3, Almatı, Qazaxıstan) reytinqli döyüşçülərin qarşıdurmasında Çarlz Conson (19-8, Orlando, Florida) ilə üz-üzə gələcək.
● Orta çəkidə İkram Aliskerov (17-2, Mahaçqala, Rusiya) Brunno Ferreira (15-3, Kuritiba, Braziliya) ilə qarşılaşacaq.
● Abus Maqomedov (28-7-1, Düsseldorf, Almaniya) orta çəkidə Mixal Oleksieyçuk (22-9, 1 NC, Barki, Polşa) ilə döyüşəcək.
● Yenilməz yarımağır çəki döyüşçüsü Abdul Raxman Yaxyayev (9-0, Türkiyə) rekordunu qorumaq üçün Julius Walker (7-2, Sprinqfild, Missuri) ilə qarşılaşacaq.
● UFC-də debüt edəcək Fərman Həsənov (5-0, Bakı, Azərbaycan) yarımorta çəkidə Erik Nolan (8-4, Edison, Nyu-Cersi) ilə döyüşəcək.
● İsmayıl Naurdiyev (25-8, Rabat, Mərakeş) orta çəkidə Marvin Vettori (19-9-1, Mezzokorona, İtaliya) ilə üz-üzə gələcək.
● Digər orta çəki qarşılaşmasında Nursulton Ruziboyev (36-9-2, 2 NC, Daşkənd, Özbəkistan) Andrey Pulyayev (10-3, Novosibirsk, Rusiya) ilə döyüşəcək.
● Yarımorta çəkidə Daniil Donçenko (14-2, Korosten, Ukrayna) Andreas Qustafsson (12-3, Yevle, İsveç) ilə qarşılaşacaq.
● Bantam çəkidə Bekzat Almaxan (12-3, Almatı, Qazaxıstan) və Jan Matsumoto (17-2, Braqansa Paulista, San-Paulu, Braziliya) yüksək temp vəd edən döyüşdə üz-üzə gələcəklər.
UFC tədbirlərinin böyük maraqla qarşılandığını nəzərə alaraq, azarkeşlərə biletlərə erkən çıxış əldə etmək üçün ufc.com/Baku saytında öncədən qeydiyyatdan keçmək, eləcə də ən son yeniliklərdən xəbərdar olmaq məqsədilə @UFC -nin sosial media hesablarını və @fightnightbaku səhifəsini izləmək tövsiyə olunur.
Milli.Az