Real Madrid türkiyəli ulduz Arda Güler ilə bağlı qərarını verib.
Milli.Az xəbər verir ki, İspaniya mediasında yayılan xəbərlərə görə, son dövrlər adı tez-tez "Arsenal" ilə hallanan gənc futbolçunun transferinə Madrid təmsilçisi qəti şəkildə qarşı çıxıb.
Məlumata əsasən, "Real Madrid" rəhbərliyi İngiltərə klubuna Arda Güləri satmağı düşünmədiklərini açıq şəkildə bildirib. Klubun 21 yaşlı futbolçunu gələcək planlarının mühüm hissəsi hesab etdiyi qeyd olunur.
Xəbərdə həmçinin bildirilir ki, "Arsenal" transfer üçün təxminən 90 milyon avro ödəməyə hazır olub. Buna baxmayaraq, Madrid klubunun bu təklifə müsbət yanaşmadığı vurğulanıb.
Digər tərəfdən, "Real Madrid"də kuboksuz mövsüm və komandadaxili gərginlik səbəbindən yeni dəyişikliklərin olacağı iddia edilir. Klub prezidenti Florentino Pérezin komandanın strukturunda yenidənqurma planlaşdırdığı, José Mourinhonun isə baş məşqçi postuna əsas namizədlərdən biri olduğu qeyd edilir.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real Madrid" forması ilə 50 oyunda meydana çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə edib.
Fidan
Milli.Az