Azərbaycanın xalq artistindən sərt açıqlama: "Muğamdan pul qazanmaq olmaz"

17 Avqust 2012 19:32
"Bu gün Opera və Balet Teatrında "Leyli və Məcnun" tamaşasına baxmağa gələnlərin 70 faizi gənclərdir. Bu, muğam operası olduğuna görə dərk etmək çətindir". Bunu "Azadinform"a açıqlamasında xalq artisti, professor Mənsum İbrahimov deyib. Sənətkarın sözlərinə görə, son illər muğama olan kütləvi maraq artıb: "Bir ara şou musiqisi bizə çox ayaq açdı. Tək Azərbaycanda deyil, bütün dünyada belədir ki, birinci yüngül və lazımsız musiqiçilər dəbə minir.

Bir ara deyirdilər ki, muğamın dinləyiciləri orta və yaşlı nəsildir. Amma bu gün muğamın dinləyiciləri eyni zamanda gənclərdir. İndi muğama kütləvi maraq çox böyükdür. Gənclər bu gün muğam sənətinə axınla gəlir, 3  muğam müsabiqəsindən 60-a qədər gənc tanındı. Hər muğam müsabiqəsindən 20 gənc seçildi və xalqa təqdim edildi".

Bununla yanaşı, sənətkar müəyyən bir dövrdə muğam sənətinin unudulma təhlükəsi ilə üz-üzə gəldiyini də etiraf edib. Mənsum İbrahimov milli musiqimizlə pul qazanmaq istəyənlərə də məsləhət verdi: "Sadəcə olaraq, muğamı dirçəltmək və yaxşı ifaçıları xalqa çatdırmaq lazım idi. Muğamın inkişafı indi çox yüksək səviyyədədir.

Bu gün muğam intibah dövrünü yaşayır. Dövlət qayğısı, dəstəyi olmasa, muğam inkişaf edə bilməz. Muğam ağır, çətin, ciddi janr olduğuna görə pul gətirən sahə deyil, əksinə, başqa yerdən pul qazanıb bura qoymaq gərəkdir. Çünki muğam mənəviyyatdır, mənəviyyatdan heç vaxt pul qazanmaq olmaz. Muğam millətimizin mənəviyyatıdır".

Xalq artisti muğamın daha yüksək səviyyədə təbliğə ehtiyacı olduğunu düşünür: "Musiqini anlayan, ziyalı insanları bir qırağa qoyuram, ümumi kütlənin zövqü tərbiyə olunmalıdır. Bunu isə telekanallar, jurnalistlər, musiqiçilər etməlidir. Burada ifaçıların üzərinə çox böyük iş düşür".

Milli.Az