Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib

13 May 2026 09:58

İsmayıllı rayonunun İvanovka kəndi Azərbaycanın ən çox maraq görən kəndlərindən biridir. Kəndin əsas əhalisi molokanlardan ibarətdir.

Təmiz havası, fərqli memarlıq üslubu, turizm potensialı və Bakıdan nisbətən yaxın məsafədə yerləşməsi kənddə daşınmaz əmlak bazarını canlandırıb. Hazırda İvanovkada həm istirahət evi, həm də kənd həyatı üçün ev alanların sayı artmaqdadır.

Milli.Az-ın apardığı araşdırmaya görə, kənddə ev qiymətləri əsasən torpaq sahəsi, təmir vəziyyəti və turizm üçün yararlılıq əsasında formalaşır.

İvanovkada köhnə və təmirsiz evlərin qiyməti təxminən 25 000-55 000 manat arasında dəyişir. Məsələn, 11 sot torpaq sahəsində yerləşən, təmirsiz bağ evi 25 000 manata satışa çıxarılıb.

Orta təmirli və yaşayış üçün hazır evlərin qiyməti isə əsasən 70 000-110 000 manat aralığında dəyişir. 8 sot torpaq sahəsində yerləşən 2 otaqlı həyət evi 70 000 manata təklif olunub. Digər elanlarda 30 sot torpaq sahəsi olan 2 mərtəbəli ev 110 000 manata satışa çıxarılıb.

Son aylarda isə kənddə yeni tikili və turizm məqsədilə istifadə oluna bilən evlərin qiymətində artım müşahidə edilir. 2026-cı ildə yayımlanan elanlardan birində 12 sot torpaq sahəsində yerləşən 4 otaqlı həyət evi 130 000 manata təklif olunub. Elanda evin həm istirahət, həm də turizm biznesi üçün uyğun olduğu vurğulanır.

Əmlak bazarı üzrə mütəxəssislər bildirirlər ki, İvanovkada qiymət artımına təsir edən əsas amillərdən biri kənd turizminin inkişafıdır. Bölgəyə xüsusilə həftəsonu istirahəti üçün gələnlərin sayı artır. Kəndin özünəməxsus rus-molokan memarlığı və təbiəti alıcıların diqqətini çəkir. Sosial şəbəkələrdə və forumlarda da İvanovkanın turistik və yaşayış üçün cəlbedici məkan olduğu tez-tez vurğulanır.

Hazırda kənddə satışa çıxarılan evlərin əksəriyyəti həyət evi və bağ evidir. Mənzil bazarı demək olar ki, yoxdur. Turizm axını davam edərsə, yaxın illərdə İvanovkada torpaq və ev qiymətlərinin daha da yüksəlməsi mümkündür.

Ayxan
Milli.Az