Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi

12 May 2026 14:11

Nigeriyada ölümcül Lassa qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 190-a yüksəlib.

Milli.Az xəbər verir ki, yerli səhiyyə qurumlarının məlumatına görə, xəstəlik ölkənin müxtəlif ştatlarında yayılmaqda davam edir.

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi bildirib ki, yeni yoluxma hallarının sayında müəyyən azalma müşahidə olunsa da, ölüm göstəricilərinin artması ciddi narahatlıq doğurur.

Rəsmi açıqlamada qeyd olunub ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölüm faizi 19,1%-dən 25,2%-ə yüksəlib. Xüsusilə səhiyyə işçiləri arasında yoluxmaların davam etməsi diqqət çəkən məqamlardan biri kimi göstərilir.

Qeyd edək ki, Lassa qızdırması əsasən siçovul və digər gəmiricilərin ifrazatları ilə təmas nəticəsində yayılır. Virus insandan insana da keçə bilir və ağır hemorragik qızdırmaya səbəb ola bilər.

Milli.Az