Joze Mourinyo mövsüm başa çatdıqdan sonra yenidən "Real Madrid" klubuna qayıdacaq.
Milli.Az xarici mediaya istinadla bildirir ki, Madrid klubu 63 yaşlı portuqaliyalı mütəxəssisin təyinatını La Liqanın 38-ci turunda "Athletic Bilbao" ilə keçiriləcək oyundan sonra rəsmi elan etməyi planlaşdırır. Həmin qarşılaşma "Real Madrid" üçün bu mövsümün son oyunu olacaq.
Oyun bazar günü, 24 may tarixində keçiriləcək.
Qeyd olunur ki, "Real Madrid" baş məşqçi Joze Mourinyo üçün "Benfika" klubuna 6 milyon avro məbləğində təzminat ödəyəcək.
Xatırladaq ki, Mourinyo daha əvvəl 2010-2013-cü illərdə "Real Madrid"də çalışıb. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında Madrid klubu bir dəfə İspaniya çempionu olub, həmçinin ölkə kuboku və Superkubokunu qazanıb. Bundan əlavə, "Real" 2004-cü ildən sonra ilk dəfə Çempionlar Liqasında 1/8 final mərhələsini keçə bilib.
"Real Madrid"dən ayrılandan sonra Mourinyo yenidən "Çelsi"ni çalışdırıb, daha sonra "Mançester Yunayted", "Tottenham Hotspur", "Roma", "Fənərbağça" və "Benfika" klublarında işləyib.
Keçmiş Porto baş məşqçisi Lissabon klubunun sükanı arxasına 2025-ci ilin sentyabrında keçib./Lent.az
Milli.Az