"Sağlam qidalanırıq" deyərək hamımızın mətbəxinin ən görünən yerinə qoyduğumuz həmin cihaz indi "qeyri-sağlam" olaraq damğalanır. Avropa Birliyi milyonlarla evdə hər gün istifadə edilən və təriflə bitirə bilmədiyimiz o məşhur alətin fəaliyyətini dayandırmaq üçün təcili qərar qəbul edib.
Milli.Az xəbər verir ki, son illərdə mətbəxlərdə inqilab yaradan, qonşudan qohuma, cehiz hazırlayan gənclərdən subay evlərinə qədər hər yerə fırtına kimi girən bu cihazın qaranlıq tərəfi üzə çıxır. Saatlarla davam edən yemək bişirmə dərdinə son qoyan, "sıfır yağ, maksimum sağlamlıq" şüarları ilə hamını heyran edən o məşhur alət indi Avropa Birliyinin hədəfindədir.
Bəli, söhbət son dövrün müzakirəsiz ulduzu olan Air Fryer yəni bildiyimiz isti hava fritürlərindən gedir. Ekspertlərin fikrincə, Avropa Birliyinin hazırladığı yeni tənzimləmə planları səbəbindən bu cihazların satışı tezliklə tamamilə dayandırıla bilər. Almaniya, Danimarka, Norveç, İsveç və Niderlandın birgə hazırladığı qanun layihəsi bu cihazların daxili üzünü ortaya qoyur.
Əsl problem cihazın işləmə prinsipində deyil, onun "yanmaz, yapışmaz" və "asan təmizlənir" xüsusiyyətini təmin edən xüsusi örtüyündədir. Bu örtüklərin istehsalında geniş istifadə olunan perflorlu və poliflorlu alkil maddələr (PFAS) elm adamları tərəfindən "sonsuz kimyəvi maddələr" adlandırılır.
Avropa Birliyinin qadağan etmək istədiyi bu zəhərli maddələr nə təbiətdə, nə də insan bədənində asanlıqla parçalanmır; əksinə, illər boyu yavaş-yavaş toplanır. Son araşdırmalar sübut edir ki, bədəndə yığılan PFAS birləşmələri ciddi hormonal pozuntulara, immun sisteminin zəifləməsinə və hətta bəzi xərçəng növlərinə yol aça bilər.
Əlbəttə, bu qadağa yalnız fritürləri hədəf almır. Ümumilikdə 10 000 fərqli kimyəvi birləşməni əhatə edən bu layihə su keçirməyən geyimlərdən smartfonlara, günəş panellərindən tibbi cihazlara qədər böyük bir sənayeni sarsıdacaq. Lakin qida ilə birbaşa təmasda olduğu üçün ən böyük narahatlığı Air Fryer istifadəçiləri keçirir. İstehsalçılardan artıq insan sağlamlığına zərərsiz örtük texnologiyaları tapmaq tələb olunacaq.
Mütəxəssislər bildirirlər ki, hələlik böyük panikaya ehtiyac yoxdur. Hazırkı qanun layihəsi cihazların bir gecədə zibilə atılmasını tələb etmir; sənayenin uyğunlaşması üçün sektordan asılı olaraq 1,5 ildən 12 ilə qədər keçid dövrü nəzərdə tutulur. Əgər yaxınlarda yeni bir isti hava fritürü almağı planlaşdırırsınızsa, mütəxəssislərin bu tövsiyələrinə əməl edin:
Cihazın yalnız ucuz qiymətinə və ya dizaynına aldanmayın.
Ailənizin sağlamlığı üçün mütləq qutusunda "PFAS-free" (PFAS tərkibli deyil) yazısı olan modellərə üstünlük verin.
Keramika örtüklü və ya təhlükəsiz alternativ materiallardan hazırlanmış yeni nəsil modellərə yönəlin.
Praktik bir şam yeməyi naminə sağlamlığınızı təhlükəyə atmayın.
Lalə Qüdrətova
Milli.Az