Bakı sakinlərinə ŞAD XƏBƏR

10 May 2026 13:43

"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?

Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı tramvayların Bakıda fəaliyyət göstərməsinin nəzərdə tutulsa da, layihənin bütün paytaxtı əhatə etməyəcəyini bildirib.

"Müəyyən ərazilər var. Məsələn, Bayıl, "Sea Breeze" ərazisi, Məmmədli qəsəbəsi, Sabunçu və digər istiqamətlərdə tramvay xətlərinin çəkilməsi planlaşdırılır. Layihələrin bir qismi artıq müzakirə olunub, bəziləri təsdiqlənib, digərləri isə hələ araşdırma mərhələsindədir. Tammiqyaslı işlərə, yəqin ki, gələn ildən başlanılacaq",- o əlavə edib.

E.Muradlının sözlərinə görə, tramvay xətlərinin çəkilməsi metro tikintisi qədər mürəkkəb proses deyil:

"Bu səbəbdən layihənin icrası çox da uzun vaxt aparmayacaq. Təbii ki, sistemi "Bakı Metropoliteni" idarə edəcək. Tramvayın tıxac probleminə nə dərəcədə təsir göstərəcəyini zaman göstərəcək. Amma ictimai nəqliyyatda alternativlərin artması tıxacların azalmasına səbəb ola bilər. Çünki insanlar rahat və əlverişli ictimai nəqliyyat olduqda şəxsi avtomobillərdən daha az istifadə edirlər".
Qeyd edək ki, Bakıda tramvay 2004-cü ildə ləğv edilib.

Milli.Az