Brazilya qozu Amazon yağış meşələrinə məxsus olan böyük bir Cənubi Amerika ağacının (Bertholletia excelsa) yeməli toxumlarıdır. Bu qoz kokos qabığına bənzəyən bərk, odunlaşmış bir qabıq içərisində olur. Qabıq açıldıqda içindən dəyərli ləpələr çıxır. Brazilya qozu fosfor, potasium, maqnezium və xüsusilə selenium kimi minerallarla zəngindir. Həmçinin tərkibində E, B və K vitaminləri, müxtəlif antioksidantlar, sağlam doymamış yağ turşuları, protein və pəhriz lifləri var. Bu qoz qalxanvari vəzi (zob), immun sistemi və ürək sağlamlığını dəstəkləyir.
Milli.Az Brazilya qozunun əsas faydalarını təqdim edir:
Stress və iltihab sağlam hüceyrələrə zərər verərək xəstəliklərə yol aça bilər. Brazilya qozu tərkibindəki selenium, E vitamini və digər antioksidantlar sayəsində orqanizmdəki zərərli molekulları neytrallaşdırır və iltihabı azaldır.
Tərkibindəki faydalı yağlar "pis" kolesterolu (LDL) aşağı salmağa kömək edir. Bu da ürək xəstəlikləri və insult riskini azaldır. Tərkibindəki liflər də kolesterolun tənzimlənməsində mühüm rol oynayır.
Tərkibi beyin fəaliyyəti üçün zəruri olan omeqa-3 kimi sağlam yağlarla zəngindir. Bu yağlar yaddaşı gücləndirməyə və zehni funksiyaları yaxşılaşdırmağa kömək edir.
Sümüklərin quruluşu üçün vacib olan kalsium və sümük inkişafını dəstəkləyən maqneziumla zəngindir.
Seleniumun ən zəngin mənbəyi olduğu üçün qalxanvari vəzi hormonlarının istehsalına birbaşa kömək edir. Bu da maddələr mübadiləsi və bədən istiliyinin tənzimlənməsi üçün çox vacibdir.
Tərkibindəki maqnezium əzələləri boşaldaraq sakitləşməyə, selenium isə stressi azaldaraq daha rahat uyumağa şərait yaradır.
Tərkibindəki sink dərinin yağ balansını tənzimləyir, sızanaqların qarşısını alır və yaraların sağalmasını sürətləndirir.
Yüksək selenium miqdarı kişi sonsuzluğu ilə mübarizədə kömək edir, sperma istehsalını və keyfiyyətini artırır.
Bu qoz dünyanın ən qidalı çərəzlərindən biridir. Maddələr mübadiləsini tənzimləyir, bədəndəki iltihabla mübarizə aparır, dərinin elastikliyini artırır, saç və dırnaqları gücləndirir.
Brazilya qozunun zərərləri varmı?
Brazilya qozu seleniumla həddindən artıq zəngin olduğu üçün onu çox az miqdarda (gündə cəmi 1-2 ədəd) yemək lazımdır. Normadan artıq yeyildikdə selenium zəhərlənməsinə səbəb ola bilər. Bunun əlamətləri aşağıdakılardır:
Hədsiz yorğunluq və tükənmə hissi.
Saç tökülməsi.
Dırnaqların rənginin dəyişməsi və ya tez qırılması.
Ürəkbulanma, qusma və ya ishal.
Oynaq və baş ağrıları.
Bədəndə qarışqa gəzməsi hissi (keyimə).
Hərəkət və koordinasiya problemləri, qızdırma.
Lalə Qüdrətova
Milli.Az