Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...

9 May 2026 15:28

Azərbaycan futbolunun ən tanınan siması Qurban Qurbanov uzun illərdir təkcə meydandakı nəticələri ilə deyil, şəxsi nüfuzu, qazancı və biznes fəaliyyəti ilə diqqət mərkəzindədir.

Milli.Az xəbər verir ki, "Qarabağ"ın uğurlarının memarı kimi tanınan təcrübəli mütəxəssis son illərdə əsas işindən kənarda ciddi kommersiya şəbəkəsi formalaşdırmağa başlayıb.

Son olaraq ona məxsus "BMV Box" adlı mağazanın açılması Qurbanovun biznes fəaliyyətinin miqyasını yenidən müzakirəyə çıxarıb.

Yeni mağazada BMV markalı avtomobillər üçün aksesuar və ehtiyat hissələrinin satışı həyata keçiriləcək.

Açılış mərasimində "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, Qurbanovun köməkçisi Elçin Rəhmanov və sabiq dünya çempionu Hacı Əliyev kimi tanınmış simaların iştirakı edib.

Bu nəyi göstərir?

Birmənalı olaraq Qurban Qurbanov artıq yalnız futbol adamı deyil, həm də iş dünyasında tanınma istəyindədir.

Əslində, onun biznes fəaliyyəti yeni deyil. Bir müddət əvvəl məlum olmuşdu ki, Qurban Qurbanov idman geyimləri sektoruna da daxil olub. Ona məxsus şirkət "Adidas", "Joma" və "Jako" kimi məşhur idman brendlərinin Azərbaycandakı rəsmi distribütorlarından biri kimi fəaliyyət göstərməyə başlayıb.

Şirkət artıq yerli futbol klubları ilə əməkdaşlıq edir. "Zirə", "Turan Tovuz" və "Şəfa" klublarının forma və idman dəstlərini məhz Qurbanovun şirkətindən sifariş etdiyi bildirilir.

Mediada müzakirə doğuran məqamlardan biri isə "Şəfa" klubuna edilən jest olmuşdu. "Jako" formalarının çatdırılması gecikdiyi üçün şirkət müvəqqəti olaraq anbarda olan "Adidas" formalarını kluba təqdim etmişdi.

Məhz bu məqam Qurban Qurbanovun biznes modelində münasibətlərə və reputasiyaya xüsusi önəm verməsi kimi qiymətləndirilmişdi.

Qurban Qurbanovun maddi imkanları ilə bağlı rəqəmlər də illərdir ictimai maraq doğurur. Açıq mənbələrdə yer alan məlumatlara görə, o, "Qarabağ"dakı fəaliyyətinə görə aylıq təxminən 50 min avro maaş alır. Bu, illik hesabla 1 milyon manatdan çox gəlir deməkdir və Azərbaycan reallığında bu məbləğ kifayət qədər yüksək göstərici sayılır.

Maraqlıdır ki, milyonluq müqavilələrin sahibi olan Qurbanov özü dəfələrlə kasıb dövrlərini yada salıb. Baş məşqçi müsahibələrinin birində ilk qazancından danışarkən belə demişdi:

"17 yaşım vardı, səhv etmirəmsə, bəlkə də 16. 70 manat maaş almışdım. Zaqatala bazarında evə 40 manatlıq bazarlıq etmişdim".

Bu sitat onun ictimai obrazında xüsusi yer tutur. Böyük gəlirlərinə baxmayaraq, mediada onun dəbdəbəli həyat nümayiş etdirməməsi də tez-tez vurğulanır.

Qurbanovun ailə və qohumluq əlaqələri də zaman-zaman gündəmə gəlib. Təcrübəli mütəxəssis "Qoç Ət" restoranlar şəbəkəsinin sahibi olan iş adamı (Sənan) ilə quda olub.

Qurban Qurbanov haqqında danışılan ən çox müzakirə olunan məsələlərdən biri isə onun AFFA ilə bağlı qərarıdır. Milli komandadan ayrıldığı dönəmdə ona, müqaviləyə əsasən, 2 milyon manat təzminat ödənilməli idi. AFFA rəhbərliyi həmin məbləği verməyə hazır olduğu bildirilsə də, Qurban Qurbanov bu vəsaitdən imtina etmişdi. Çoxları bunu onun prinsipial mövqeyi kimi qiymətləndirmişdi.

Bu gün Qurban Qurbanovun fəaliyyəti artıq yalnız məşqçiliklə məhdudlaşmır. Futbol akademiyalarından idman geyimlərinə, avtomobil aksesuarlarından biznes əlaqələrinə qədər uzanan geniş bir fəaliyyət dairəsi formalaşır.  /Yeni Sabah

Milli.Az