Qalmaqallı iş adamından təqdirəlayiq addım - VİDEO - FOTO

8 May 2026 09:05

Mayın 7-də Bakının mərkəzində "Daun Burger Baku" restoranının açılışı olub.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo" məlumat yayıb.

Bildirilib ki, sahibkar Əlyar Qasımovun təşəbbüsü ilə Nizami küçəsində fəaliyyət göstərəcək "fastfood" restoranının təntənəli açılışı zamanı daun sindromlu gənclər üçün önəmli addım atılıb.

Belə ki, açılış münasibətilə 20 nəfər daun sindromlu gənc rəsmi şəkildə işlə təmin olunaraq restoran kollektivinə qoşulub, bir nəfər isə menecer vəzifəsinə təyin edilib. Tədbirdə çox sayda daun sindromlu şəxslər və onların ailə üzvləri də iştirak ediblər.
Layihənin əsas məqsədi daun sindromlu şəxslərin cəmiyyətin ayrılmaz və dəyərli bir hissəsi olduqlarını nümayiş etdirmək, onlar üçün yaradılan imkanların böyük uğurlara yol açdığını göstərməkdir. "Daun Burger Baku" sosial inteqrasiya, inklüzivlik və bərabər imkanlara dəstək verən nümunəvi layihə kimi fəaliyyət göstərəcək.

Əldə etdiyimiz məlumata görə, xoşməramlı niyyətlə açılmış restoranın sahibi Əliyar Qasımov Bakı Dövlət Universitetində Hüquq fakültəsinin "Cinayət prosesi" kafedrasının müəllimi Ərəstun Qasımovun oğludur. Onlar bir neçə il əvvəl Bakının Səbail rayonu ərazisində, "Sahil bağı" (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26" - "Twenty six" adlı kafedəki qalmaqalla gündəmə gəlmişdi. Həmin vaxt əraziyə dönəmin  Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlmişdi. Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olmuşdu. Həmin vaxt kafeni Ə. Qasımovun oğlu Əliyarın işlətdiyi bildirilirdi. 

Qeyd edək ki, ailə həmçinin, "Hollivud" restoranlar şəbəkəsini də idarə edir. Həmin vaxt Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotolar paylaşırdı. Üç uşaq atası olan Ə. Qasımov oğluna atasının adını qoyub.

Milli.Az