Dolanışıq dərdi çəkən ailənin səsi eşidildi - Nazirlikdən açıqlama

8 May 2026 13:22

Şabran rayonu Padar kənd sakini olan İsmixanovlar ailəsi çətin sosial vəziyyətlə üzləşdiklərini bildirərək aidiyyəti qurumlardan dəstək istəyib.

Milli.Az xəbər verir ki, ailənin başçısı Tural İsmixanov gündəlik fəhlə işi ilə dolandıqlarını və qazancının nə uşaqların ehtiyaclarını, nə də evin əsas xərclərini qarşılamağa yetdiyini bildirib:

"Fermada çalışıram. Ağır işdən əllərim zədələnib. Mağazalara xeyli borcumuz yaranıb. Artıq borclar bağlanmadan bizə nisyə məhsul vermirlər. Dörd övladım var, onların qayğılarını qarşılamaq çox çətinləşib", - deyə o bildirib.

Ailənin digər üzvü Aysel İsmixanova isə övladlarından birinin səhhətində ciddi problem olduğunu qeyd edib. O bildirib ki, qızının böyrək xəstəliyi var, lakin maddi imkan çatışmazlığı səbəbindən müalicəni davam etdirmək mümkün olmur.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Bildirilib ki, ailənin müraciəti araşdırılıb və onlara bir il müddətinə aylıq 599,4 manat məbləğində sosial yardım təyin olunub. 

Asya
Milli.Az