İranın xarici işlər naziri Abbas Əraqçi BMT rəhbərliyinə və Təhlükəsizlik Şurasına müraciət edərək ABŞ və Bəhreynin təqdim etdiyi qətnamə layihəsinə etirazını bildirib.
Milli.Az xəbər verir ki, nazirin məktubunda qeyd olunub ki, Hörmüz boğazı üzərindən normal gəmi hərəkətinin bərpası üçün bölgədə hərbi gərginlik tam dayandırılmalı, eyni zamanda İrana tətbiq olunan sanksiyalar və blokada aradan qaldırılmalıdır.
Əraqçi ABŞ və Bəhreynin hazırladığı sənədi birtərəfli yanaşma kimi qiymətləndirərək bildirib ki, layihədə regiondakı böhranın əsas səbəbi olan ABŞ və İsrailin hərbi addımlarına toxunulmur. Onun sözlərinə görə, sənəd İran gəmilərinə qarşı atılan addımları və bölgədə yaranmış gərginliyi nəzərə almadan Vaşinqtonun siyasətinə haqq qazandırmağa çalışır.
Nazir həmçinin vurğulayıb ki, belə bir qətnamənin qəbul olunması BMT Təhlükəsizlik Şurası üçün təhlükəli presedent yarada və qurumun beynəlxalq nüfuzuna mənfi təsir göstərə bilər.
Asya
Milli.Az