Məhkəmə Timoşenko ilə bağlı gözlənilməz qərar verdi

8 May 2026 13:58

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Ali Radada təmsil olunan "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko barəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı qərar qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, VAKS bu qərarı Xüsusi Antikorrupsiya Prokurorluğunun məhdudiyyət müddətinin uzadılması ilə bağlı vəsatətini rədd etdikdən sonra verib.

"Şübhəli şəxs NABU (Ukrayna Milli Antikorrupsiya Bürosu) detektivinin, Xüsusi Antikorrupsiya Prokurorluğunun prokurorunun və ya məhkəmənin hər bir çağırışı ilə dərhal gəlməli, yaşayış və ya iş yerini dəyişdiyi halda NABU detektivinə və xüsusi prokurora məlumat verməlidir", - deyə sənəddə qeyd olunub.

Bununla yanaşı, siyasətçinin ölkəni tərk etməsinə, Ali Rada deputatları ilə əlaqə saxlamasına və xarici pasportdan istifadə etməsinə qoyulan qadağalar aradan qaldırılıb.

Xatırladaq ki, yanvar ayında Ukraynanın antikorrupsiya qurumları deputatların ələ alınması işi çərçivəsində "Batkivşina" partiyasının Kiyevdəki ofisində axtarış aparmışdı.

Qanunsuz fayda təklif etməkdə ittiham olunan Yuliya Timoşenkonu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

NABU tərəfindən yayımlanan səs yazılarında partiya liderinin parlamentdə müəyyən formada səs vermələri üçün deputatlara aylıq 10 min dollar təklif etdiyi iddia olunur.

Milli.Az