ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran qısa müddət ərzində Vaşinqtonla razılaşma əldə etməsə, Amerika hərbçiləri əhəmiyyətli dərəcədə daha güclü və sərt zərbələr endirəcəklər.
Milli.Az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Bu gün biz onlara sarsıdıcı zərbə endirdik və əgər onlar yaxın vaxtlarda razılığa gəlməsələr, gələcəkdə zərbələr daha güclü və sərt olacaq", - o qeyd edib.
O bildirib ki, Amerika esminesləri Hörmüz boğazında İranın hücumundan sonra zərər çəkməyib və İslam respublikasının dəniz blokadasının təmin edilməsinə yenidən qoşulacaq.
"Üç Amerika esminesi atəşə tutulmasına baxmayaraq Hörmüz boğazından uğurla keçib. Gəmilər heç bir zərər görməyib, İran tərəfi isə ciddi ziyan çəkib. Bu üç esmines və onların əla heyəti yenidən bizim dəniz blokadamıza qoşulacaq", - Tramp vurğulayıb.
Bununla yanaşı, "ABC News" telekanalının jurnalisti Reyçel Skott "X" sosial şəbəkə hesabında bildirib ki, Tramp onunla söhbətində ABŞ və İran arasında zərbə mübadiləsinə baxmayaraq atəşkəs rejiminin davam etdiyini təsdiqləyib.
Hörmüz boğazındakı son gərginlik İran, ABŞ və onların müttəfiqlərinin iki həftəlik atəşkəs barədə razılığa gəldiyi 8 apreldən bəri tərəflər arasında ən böyük toqquşma olub.
İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər ki, İran gəmilərini atəşə tutan ABŞ hərbi gəmilərinə qarşı ballistik raketlər tətbiq edilib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı öz növbəsində gərginliyin İran tərəfindən törədildiyini, Hərbi Dəniz Qüvvələrinin isə yalnız cavab zərbələri endirdiyini qeyd edib. Daha sonra hər iki tərəf öz qələbəsini elan edərək düşmənə əhəmiyyətli zərər vurulduğunu qabardıb. /"Report"
Milli.Az