Hindistanın ən məşhur və qalmaqallı ulduzlarından biri olan Uorfi Caved Mumbayda qatıldığı tədbirdə tamamilə yeməli tortdan dizayn edilmiş libası ilə hər kəsi şoka salıb.
Milli.Az xəbər verir ki, Mumbaydakı mərasimə tamamilə qara tortdan hazırlanmış, çiçək və zəncir detalları ilə bəzədilmiş göstərişli libasda qatılan Uorfi Caved bütün baxışları öz üzərinə çəkib. Geyimin ən maraqlı tərəfi isə onun sadəcə vizual bir şou deyil, həqiqi bir şirniyyat olması idi.
Tədbir zamanı çəkilən görüntülərdə aktrisanın öz geyimindən hissələr qopararaq ətrafındakı qonaqlara və media nümayəndələrinə təqdim etdiyi görünür.
Bəzi izləyicilər bu konsepti olduqca yaradıcı və moda dünyasında yeni bir addım kimi qiymətləndiriblər.
Digər bir qrup isə geyimin tortdan olmasını və onun yeyilməsini qəribə bir seçim hesab edib.
"Yeməli libas" konsepti ilə paylaşılan videolar milyonlarla baxış toplayıb. Uorfi Caved bundan əvvəl də cəsarətli və qeyri-adi moda seçimləri ilə Bolliwood dünyasında adından söz etdirməyi bacarmışdı.
Lalə Qüdrətova
Milli.Az