"Real Madrid" Valverde və Çuameni barədə araşdırma başlatdı

7 May 2026 23:56

"Real Madrid" klubu məşq zamanı dava edən ulduz futbolçuları Federiko Valverde və Aureliyen Çuameni barəsində intizam icraatına başladığını rəsmən elan edib. Hadisə nəticəsində Valverdenin xəsarət aldığı bildirilir.

Milli.Az xəbər verir ki, klubun rəsmi bəyanatında deyilir: "Real Madrid bu səhər əsas komandanın məşqində baş verən hadisələrdən sonra oyunçularımız Federiko Valverde və Aureliyen Çuameni haqqında ayrı-ayrılıqda intizam araşdırması açmağa qərar verdiyini bildirir. Klub daxili prosedurlar tamamlandıqdan sonra hər iki araşdırmanın nəticələri barədə lazımi vaxtda məlumat verəcək."

"Marca" nəşrinin yaydığı xəbərə görə, gərginlik çərşənbə günü keçirilən məşqdə bir epizod zamanı başlayıb. Futbolçular əvvəlcə sərt şəkildə mübahisə edib və bir-birini itələyiblər. İddialara görə, bu gərginlik soyunub-geyinmə otağında da davam edib.

Bu gün daxil olan son məlumatlara görə, iki oyunçu arasındakı münaqişə daha da böyüyərək əlbəyaxa davaya çevrilib:

Çuameninin vurduğu yumruq zərbəsindən sonra Federiko Valverde xəstəxanaya çatdırılıb. Uruqvaylı yarımmüdafiəçinin qaşına tikiş atılıb.

Klub daxili intizam qaydalarına uyğun olaraq hər iki futbolçunu ciddi sanksiyaların gözlədiyi təxmin edilir.

Lalə Qüdrətova
Milli.Az