İran prezidenti Məsud Pezeşkian bu yaxınlarda Ali Lider Seyid Müctəba Xamenei ilə görüşüb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran prezidenti bu gün Tehranda sahibkarlarla baş tutan görüşdə deyib.
Onun sözlərinə görə, səmimi şəraitdə baş tutan görüşdə danışıqlar iki saat yarım davam edib.
Pezeşkian bildirib ki, ölkənin idarə olunmasında birlik, etimad və həmrəyliyin gücləndirilməsi böyük önəm kəsb edir. Ölkənin yüksək səviyyəli rəsmiləri görüşlərdə həmrəylik və etimadın önəmini hər zaman qeyd edirlər.
"Ölkənin və regionun hazırkı həssas dönəmində ölkə rəhbərliyinin müsbət funksiyası idarəetmə, ümid və həmrəyliyin artırılmasında və ictimai bağların möhkəmlənməsində önəmli rola sahib ola bilər", - deyə o, qeyd edib.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
Milli.Az