Azərbaycan Milli İncəsənət Muzeyində "Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar" adlı beynəlxalq elmi dəyirmi masa keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı və Yunus Əmrə İnstitutu, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə baş tutacaq tədbirdə Azərbaycan, Türkiyə ,Özbəkistan, Qazaxıstan dəvət olunmuş mütəxəssislərin məruzələri dinləniləcək.
Müasir dövrdə türk xalqlarının təsviri sənəti qloballaşma proseslərinin təsiri altında mürəkkəb və çoxqatlı inkişaf yolu keçir. Beynəlxalq vizual mədəniyyət sistemləri, yeni estetik meyllər və kurator yanaşmaları ilə qarşılıqlı əlaqə genişləndiyi halda, milli-mədəni yaddaş, ənənəvi ornamentika, folklor və mifoloji təfəkkür lokal bədii dilin əsasını təşkil etməyə davam edir.
Tanınmış sənətşünasların, muzey rəhbərlərinin və tədqiqatçı-alimlərin iştirak edəcəyi dəyirmi masanın əsas məqsədi qlobal vizual mədəniyyət sistemləri ilə lokal bədii ənənələrin qarşılıqlı təsirini, bu münasibətin yaratdığı transformasiya və sintez proseslərini elmi müstəvidə araşdırmaqdır. Tədbir çərçivəsində qlobal və lokal diskursların toqquşma və inteqrasiya nöqtələri müqayisəli şəkildə təhlil olunacaq, türk xalqlarının təsviri sənətinin qlobal sənət sisteminə inteqrasiyası fonunda milli kimliyin qorunması və müasirləşməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
Dəyirmi masa çərçivəsində milli bədii məktəblərin və regional üslubların transformasiyası, qloballaşma dövründə türk özünəməxsusluğunun təsviri sənətdə əksi, etno-mədəni fərqlər və ümumtürk vizual kod göstəriciləri, ənənəvi üslub və müasir Avropa tipli təsvir dilinin qarşılıqlı təsiri kimi mövzular müzakirə olunacaq. Eyni zamanda kurator yanaşmalarında qlobal standartlar və lokal məzmun münasibətləri, türk dünyası rəssamlarının beynəlxalq platformalarda təmsil olunma modelləri və ənənəvi vizual kodların çağdaş incəsənətdə yenidən interpretasiyası diqqət mərkəzində olacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az