Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər

8 May 2026 01:01

"Alzheimer" xəstəliyi ilə bağlı aparılan yeni araşdırmalar ağız və diş sağlamlığının əhəmiyyətini bir daha gündəmə gətirib. Mütəxəssislərin fikrincə, diş əti xəstəliklərinə səbəb olan bakteriyalar "Alzheimer" riskini artıra bilər.

Mili.Az xəbər verir ki, həkim Candan Pelin Güneş bildirib ki, ağızda yaranan bakteriyalar qan dövranına keçərək bədəndə müxtəlif problemlərə yol aça bilər. Onun sözlərinə görə, bu bakteriyalar ürək və tənəffüs sistemi xəstəlikləri ilə yanaşı, beyində iltihabi proseslərə də təsir göstərə bilər.

Araşdırmalara əsasən, diş əti xəstəliyi ilə əlaqəli bakteriyaların qan-beyin baryerini keçərək neyroiltihaba səbəb ola biləcəyi və bunun da "Alzheimer" riskini artıra biləcəyi ehtimal edilir.

Mütəxəssis həmçinin düzgün ağız baxımının vacibliyini vurğulayaraq dişlərin gündə iki dəfə fırçalanması, diş ipi və aralıq fırçalardan istifadə olunmasını tövsiyə edib. Onun sözlərinə görə, düzgün texnika ilə təmizlik həm dişləri, həm də ümumi sağlamlığı qorumağa kömək edir.

Milli.Az