Fərdi inkişaf mütəxəssisi Ayşə Dəmir bir çox insanın həyatında qarışdırdığı iki mühüm anlayışdan - səmimi nəzakət və qorxu qaynaqlı "həddindən artıq yaxşı" olmaq cəhdindən bəhs edir. Müəllif bu incə sərhədin psixoloji və fiziki sağlamlığımıza təsirlərini vurğulayır.
Milli.Az xəbər verir ki, nəzakət (səmimiyyət) qəlbdən gələn, avtomatik axan və həm qarşı tərəfi, həm də insanın özünü bəsləyən bir dəyərdir. Təbii və güclü bir enerjidir, insanı yormur.
Həddindən artıq yaxşı olmaq (məmnun etmə çabası) sonradan öyrənilmiş bir davranışdır və təməlində qorxu dayanır. İnsan rədd edilməkdən, sevilməməkdən və ya münaqişədən qorxduğu üçün "yaxşı" görünməyə çalışır. Bu bir performansdır və insanı daxildən zəiflədir.
Sərhəd qoymaq nədir və niyə vacibdir?
Sərhəd qoymaq insanları özümüzdən uzaqlaşdırmaq deyil, əksinə, sağlam münasibətlər üçün lazımi sahəni yaratmaqdır.
Boğan və aşağı çəkən situasiyalara "hə" demək nəzakət deyil, özünü fəda etməkdir. Bu, ətrafdakılara "mənim ehtiyaclarım vacib deyil" mesajını verir.
Sərhədlər bizi qorumaqla yanaşı, başqalarına bizimlə necə davranmalı olduqlarını öyrədir. Onları bir divar kimi deyil, daha dərin və mənalı bağlar qurmağa kömək edən körpülər kimi görmək lazımdır.
Psixoloji və fiziki təsirlər
İnsanları məmnun etməyə çalışanların sinir sistemi həmişə "həyəcan" rejimində olur. Bu da uzun müddətdə bədəndə xroniki gərginliyə səbəb olur.
Başqalarının razılığını almaq üçün öz dəyərlərindən güzəştə getmək, zamanla özünə olan hörməti və gücü azaldır.
Həqiqi nəzakət insanın əvvəlcə özünə dəyər verməsi ilə başlayır. İnsan öz mərkəzində olduqda, nəyə "hə", nəyə "yox" deyəcəyini bildikdə münasibətləri daha sağlam zəminə oturur. "Yaxşı görünməyə" çalışmaq bitməyən bir asılılıq yaradır. Əsl bağlar isə qorxu ilə deyil, cəsarət, özünə şəfqət və səmimiyyətlə qurulur.
Lalə Qüdrətova
Milli.Az