Niderland və Yaponiyada köhnə fabriklər və göydələnlər torpaq əvəzinə çox az suyun istifadə edildiyi və 365 gün fasiləsiz istehsalı təmin edən şaquli kənd təsərrüfatı mərkəzlərinə çevrilir.
Milli.Az xəbər verir ki, bu yeni kənd təsərrüfatı modelinin əsas xüsusiyyətləri aşağıdakılardır:
İqlim böhranı səbəbindən məhsuldarlığı azalan tarlalara alternativ olaraq hazırlanan bu "bitki fabrikləri", ənənəvi üsullarla müqayisədə suyu 95% daha az istehlak edir.
Sistemdə torpaq əvəzinə suyun istifadə edildiyi "hidroponik" üsula üstünlük verilir. Günəş işığı əvəzinə isə bitkilərin ehtiyac duyduğu xüsusi bənövşəyi LED işıq texnologiyasından istifadə olunur.
Xarici hava şəraitindən asılı olmayan bu qapalı sistemlər ilin hər günü məhsul yığımına imkan yaradır və qida tədarükü zəncirindəki qırılmaların qarşısını alır.
Ekspertlər şaquli kənd təsərrüfatını iqlim dəyişikliyi riskinə qarşı dünyanın ən güclü qida sığortası kimi xarakterizə edirlər.
Kimyəvi dərmanlara ehtiyac duyulmayan bu nəzarətli mühitlərdə məhsullar tarlaya nisbətən daha qısa müddətdə yetişir və daha yüksək qida dəyərinə malik olur.
Şəhər mərkəzlərindəki istifadəsiz binaların istehsal sahəsinə çevrilməsi məhsulların daşınma xərclərini də minimuma endirir.
Lalə Qüdrətova
Milli.Az