Sibiqa Ceyhun Bayramovla danışdı

6 May 2026 22:23

Xarici işlər naziri Ceyhun Bayramov ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında telefon danışığı aparılıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri "X" hesabında məlumat paylaşıb.

A. Sibiqa söhbətin kifayət qədər səmərəli keçdiyini vurğulayıb.

Ukraynalı nazir həmkarına göstərilən qonaqpərvərliyə, eləcə də liderlərin Qəbələ səfəri çərçivəsində baş tutan görüşlərə görə təşəkkür edib:

"Biz bu danışıqlar zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinə diqqət yetirdik və ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi üçün gələcək addımları müzakirə etdik".

Nazirlər, həmçinin regiondakı mövcud təhlükəsizlik vəziyyəti və beynəlxalq gündəmdə olan məsələlər barədə fikir mübadiləsi aparıblar. Sibiqa qeyd edib ki, Ukrayna tərəfi suverenlik və ərazi bütövlüyünə verilən davamlı dəstəyə, həmçinin xüsusilə enerji sektoruna göstərilən humanitar yardıma görə Azərbaycana minnətdardır.

Tərəflər fəal dialoqun davam etdirilməsi və əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəliblər.

Milli.Az