Azərbaycanın yüksək dağlıq rayonlarından olan Daşkəsənə may ayının əvvəli olmasına baxmayaraq qar yağıb. Yaz fəslinin ortasında gələn bu yağıntı həm yerli sakinləri təəccübləndirib, həm də ətrafa qış mənzərəsi bəxş edib.
Milli.Az xəbər verir ki, dünən axşam saatlarından başlayaraq temperaturun kəskin aşağı düşməsi nəticəsində rayonun yüksək ərazilərinə və rayon mərkəzinə qar yağmağa başlayıb. Hazırda bəzi hissələrdə qar örtüyünün qalınlığı bir neçə santimetrə çatıb.
Daşkəsənin dağlıq relyefi bu cür hava dəyişikliklərinə meyilli olsa da, yazın ortasında ağ örpək gözlənilməz olub.
Qar yağışı ilə əlaqədar rayonda havanın temperaturu ötən günlərlə müqayisədə kəskin şəkildə düşərək 0 dərəcəyə yaxınlaşıb.
Sakinlər qarın xüsusilə meyvə ağaclarının çiçəklədiyi bir dövrdə kənd təsərrüfatına və yaşıl sahələrə mənfi təsir göstərə biləcəyindən narahatdırlar.
Ekoloqların bildirdiyinə görə, bu cür anomal hava hadisələri son illər qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq bölgəmizdə daha tez-tez müşahidə edilməyə başlayıb. Hazırda rayonda dumanlı və soyuq hava şəraiti davam edir.
Lalə Qüdrətova
Milli.Az