İtaliya mediası "Real Madrid" prezidentinin Florentino Perez türk futbolçu Kenan Yıldız üçün transfer planı hazırladığını yazıb.
Milli.Az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, gənc ulduz Madrid klubunun transfer siyahısında yer alır və Florentino Perez onu gələcəyin əsas layihələrindən biri kimi görür.
Xəbərdə bildirilir ki, Juventus gələn mövsüm UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maliyyə yükünü azaltmaq üçün heyətdə ciddi dəyişikliklər edə bilər. Bu halda Kenan Yıldızın satıla biləcək futbolçular arasında olduğu vurğulanıb.
Məqalədə həmçinin qeyd olunur ki, "Real Madrid" mövsümün sonunda heyətini yenidən qurmağa hazırlaşır. Klubun Avropa yarışlarında uğursuz çıxışdan sonra transfer bazarında aktiv olacağı bildirilir.
Bununla belə, Kenan Yıldızın Madrid klubunda əsas heyətdə yer qazanmasının asan olmayacağı da qeyd edilib. Gənc futbolçunun hücumun sol cinahında Vinisius Junior və Kylian Mbappé kimi ulduzlarla rəqabət aparmalı olacağı vurğulanıb.
Xəbərdə Kenanın Türkiyə millisində yaxın dostu Arda Güler ilə birlikdə uzun müddətdir oynadığı da xatırladılıb. İki futbolçu müxtəlif yaş qrupları və əsas millidə ümumilikdə 33 oyunda birlikdə forma geyinib.
Bu mövsüm "Yuventus"un heyətində 45 oyuna çıxan Kenan Yıldız 11 qol vurub, 10 məhsuldar ötürmə edib və Avropanın aparıcı klublarının diqqətini üzərinə çəkməyi bacarıb.
Milli.Az