Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO

6 May 2026 16:30

Paytaxtda Türkiyə-Azərbaycan Kulinariya Forumu keçirilib. Tədbir Badamdar Hotel & Residences məkanında baş tutub və iki ölkənin qastronomiya sahəsinin aparıcı nümayəndələrini bir araya gətirərək peşəkar dialoq və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Forumun təşkilatçıları İlkin Əkbərzadə rəhbərlik etdiyi Bakı Kulinariya Assosiasiyası və Anadolu Profesyonel Aşçılar Derneği(prezidenti Hüseyin Şipal olub.

Forum 1 may tarixində start götürmüş genişmiqyaslı peşəkar proqramın yekunu kimi təşkil edilib. Səfər çərçivəsində Türkiyədən gələn aşpaz heyəti Kürdəmir bölgəsinə səfər edərək aran mətbəxinin xüsusiyyətləri ilə tanış olub, həmçinin Assosiasiyaya üzv olan bir sıra restoranlarda olub. Qonaqlara milli mətbəxin əsas nümunələri - müxtəlif növ plovlar, dolmalar, kabablar və ənənəvi desertlər təqdim edilib.

Forum çərçivəsində Türkiyə və Azərbaycanın autentik yeməklərinin təqdimatı, peşəkar şef-aşpazların iştirakı ilə ustad dərsləri, ənənəvi reseptlərin və onların müasir interpretasiyalarının nümayişi keçirilib. Türkiyəli şeflər milli yemək və şirniyyatları təqdim edib, Azərbaycan tərəfi isə Qarabağ mətbəxinin xüsusiyyətlərini və regional kulinariya müxtəlifliyini nümayiş etdirib.

Tədbirdə həmçinin HoReCa sektorunda fəaliyyət göstərən yerli şirkətlər iştirak edib. Forum aşpazlar və məhsul təchizatçıları arasında əməkdaşlıq üçün səmərəli platformaya çevrilib və tərəfdaş şirkətlərin məhsullarından ustad dərslərində istifadə olunub.

Fəxri qonaqlar sırasında Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Yunus Emre Institute rəhbərliyi, TRT 1 kanalının nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, Hatay bölgəsinin icra hakimiyyəti nümayəndə heyəti, tanınmış şeflər və qastronomiya ictimaiyyətinin üzvləri yer alıb.

Forum çərçivəsində Bakı Kulinariya Assosiasiyasına yeni qoşulan üzvlərə sertifikatlar təqdim olunub. Bu, peşəkar icmanın genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

Forumun keçirilməsi qastronomik diplomatiyanın inkişafına, mədəni əlaqələrin möhkəmlənməsinə və iki ölkə arasında peşəkar əməkdaşlığın genişlənməsinə töhfə verib. Tədbir milli mətbəxlərin beynəlxalq əməkdaşlıqda mühüm rol oynadığını bir daha təsdiqləyib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az