Dünya üzrə neft ehtiyatları apreldə təxminən 200 milyon barrel azalıb. Bu azalma İran ətrafında baş verən münaqişə fonunda təklifin kəskin şəkildə azalması ilə əlaqələndirilir.
Milli.Az xəbər verir ki, bu barədə məlumatlar "Financial Times" qəzetinə, S&P Global Energy tərəfindən təqdim olunub.
Bildirilib ki, apreldə neft ehtiyatlarında sürətli azalma qeydə alınıb. Bu isə gündəlik təxminən 5 milyon barrel tələbat azalmasına baxmayaraq baş verib. Şirkətin neft araşdırmaları şöbəsinin rəhbəri Cim Burkhard bildirib ki, bu göstərici "adi aylıq dəyişiklikləri xeyli üstələyən kəskin fərqdir" və normalda dünya ehtiyatlarında dəyişiklik yüz minlərlə və ya maksimum bir neçə milyon barrel səviyyəsində olur.
O, həmçinin qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində qlobal bazar təxminən 1 milyard barrel neft həcmini itirib və təklifin azalması tələbin azalmasından daha sürətli gedir.
Burkhardın sözlərinə görə, hazırda dünya üzrə neft ehtiyatları təxminən 4 milyard barrel təşkil edir, lakin bu həcmin böyük hissəsi neft emalı zavodları və boru kəmərlərinin fəaliyyəti üçün dövriyyədə saxlanılır.
Bundan əvvəl dünyanın ən böyük investisiya banklarından biri olan Goldman Sachs da qiymətləndirmə apararaq bildirib ki, Ormuz boğazı vasitəsilə tədarük məhdudiyyətləri səbəbindən qlobal neft ehtiyatları son 8 ilin ən aşağı səviyyəsinə yaxınlaşıb. Bankın hesablamalarına görə, hazırda mövcud ehtiyatlar dünya tələbatını təxminən 101 gün təmin etməyə yetir və bu rəqəmin may ayının sonuna qədər 98 günə düşə biləcəyi ehtimal olunur.
Ayxan
Milli.Az