"Azərbaycanda onlayn mərc və kazino oyunlarına qeyri-qanuni ödənişlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan kartları ilə rəsmi olmayan onlayn mərc və qumar oyunlarına birbaşa ödəniş etmək mümkün deyil:
"Bu gün siz Azərbaycan kartı ilə hər hansı rəsmi onlayn mərc və ya qumar oyununa ödəniş edə bilməzsiniz. Biz həmin beynəlxalq kodları bağlamışıq".
T.Kazımov bildirib ki, buna baxmayaraq bəzi hallarda qeyri-qanuni platformalar ödənişləri gizlətmək üçün fərqli kodlardan istifadə edir:
"Bəzi onlayn kazinolar başqa sahələrin məsələn, apteklərin kodu ilə işləyir. Bank bunu birbaşa görə bilmir, sadəcə müştərinin hansısa yerə ödəniş etdiyini görür".
Qeyd edib ki, bu cür halların müəyyən edilməsi banklar üçün daha mürəkkəb və zaman tələb edən prosesdir:
"Banklar müştərinin davranışına əsaslanaraq müəyyən etməlidir. bu, mərc oyunudurmu, vergidən yayınmadırmı, yoxsa çirkli pulların yuyulmasıdır".
Onun sözlərinə görə, qaydalar daha da sərtləşdirilə bilər, lakin bu, bank xidmətlərindən istifadə edən vətəndaşlar üçün əlavə çətinliklər yarada bilər:
"Çox sərt yanaşsaq, vətəndaş bezə bilər, kartlar bloklana, tez-tez yoxlamalar aparıla bilər".
Vurğulayıb ki, Mərkəzi Bank banklardan effektiv daxili nəzarət mexanizmləri qurmağı tələb edir və qeyri-qanuni ödənişlərin qarşısının alınması əsas prioritetlərdən biridir.
"Biz başa düşməliyik ki, vətəndaş niyə rəsmi lisenziyalı mərc platformaları olduğu halda qeyri-rəsmi, tanımadığı şəxslər vasitəsilə xarici saytlara pul köçürür".
Bildirib ki, bu suallar cavablandırıldıqdan sonra bank sektorunda əlavə məhdudiyyətlərin tətbiqinə ehtiyac olub-olmadığı daha dəqiq müəyyən edilə bilər.
Mina Mikayılova
Milli.Az