Səhər yeməyi etmədən idmanla məşğul olmaq yalnız yüngül fiziki fəaliyyətlər zamanı uyğun hesab olunur. Daha ağır və intensiv məşqlərdən əvvəl isə orqanizmin enerji ilə təmin edilməsi vacibdir. Əks halda, başgicəllənmə və zədələnmə riski arta bilər.
Milli.Az xəbər verir ki, bu barədə fitnes mütəxəssisi İrina Maltseva xarici mediaya açıqlamasında danışıb. Onun sözlərinə görə, acqarına edilən məşqlərdə əsas məqam seçilən fiziki aktivliyin növüdür. Belə ki, 30-60 dəqiqəlik yüngül gəzinti, sakit tempdə qaçış, velosiped sürmək və ya dartınma hərəkətləri bədən üçün ciddi problem yaratmır.
Lakin ağır çəkilərlə məşqlər, sprint qaçışları, yüksək intensivlikli proqramlar, uzunmüddətli kardio və xüsusilə ayaq məşqləri acqarına icra olunduqda halsızlıq, başgicəllənmə və müxtəlif travmalarla nəticələnə bilər.
Mütəxəssis bildirir ki, yüngül səhər məşqlərindən əvvəl 300-500 ml su içmək kifayət edir. Əgər planlaşdırılan məşq daha intensivdirsə, 2-3 saat öncə normal qidalanmaq, minimum halda isə məşqdən bir saat əvvəl yüngül qəlyanaltı məsələn, qatıq və ya banan qəbul etmək tövsiyə olunur.
Bundan əlavə, ağır fiziki yüklənmədən əvvəl bədənin su balansına diqqət yetirilməlidir. Susuzluq orqanizmin tez bir zamanda maye itirməsinə səbəb ola bilər ki, bu da məşq zamanı performansı aşağı salır və sağlamlıq üçün risk yaradır.
Eyni zamanda qeyd olunur ki, səhərlər tez-tez başgicəllənmə, aşağı təzyiq, yuxu problemləri yaşayan şəxslər, eləcə də diabet xəstələri acqarına idmandan uzaq durmalıdırlar. Həmçinin alkoqol qəbulundan sonra, hamiləlik dövründə və xəstəlikdən sonra bərpa mərhələsində fiziki aktivlikdən əvvəl mütləq qida qəbul etmək tövsiyə edilir.
Asya
Milli.Az