"Hazırda ərzaq inflyasiyası 6,5% səviyyəsində olsa da, bunun böyük hissəsi xarici və təklif yönümlü təsirlərdən qaynaqlanır".
Milli.Az xəbər verir ki, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, inflyasiyanın strukturunda tələb amillərinin payı cəmi 20-30% təşkil edir:
"Bu səbəbdən faiz dərəcələrinin kəskin artırılması iqtisadi aktivliyə mənfi təsir göstərə bilər. İstehlak azalacaq və bu da iqtisadiyyata dəstəyin zəifləməsi deməkdir".
T.Kazımov vurğulayıb ki, Mərkəzi Bank idxal olunan inflyasiyanın qarşısını almaq üçün sabit məzənnə rejimindən istifadə edir və bu alət indiyədək effektiv nəticə verib.
"Mövcud şəraitdə tələb amillərinin süni şəkildə sıxılması məqsədəuyğun deyil və inflyasiya gözləntiləri diqqətlə izlənilir".
Mina Mikayılova
Milli.Az