İrəvanda "öz evində" hiss edən Serdar Kılıç: bu diplomatiya yox, acizlikdir

6 May 2026 14:37

Elə sözlər var ki, siyasi karyeranı bitirir. Elə sözlər var ki, ləyaqəti öldürür. Elə sözlər də var ki, hər şeyi birdən məhv edir: həm karyeranı, həm ləyaqəti, həm də təmsil etməyə borclu olduğun insanların yaddaşını. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç məhz belə sözlər söylədi. Özü də bu sözləri ən gurultulu şəkildə səslənə biləcəyi yerdə, İrəvanda dedi.

Türk bayrağının burada qəhvə içmək qədər adi bir vərdişlə yandırıldığı şəhərdə. Xarici siyasəti son yüz ildə bircə tezis üzərində qurulan dövlətin paytaxtında: "Türkiyə günahkardır, Türkiyə borcludur, Türkiyə əbədi tövbə etməlidir".

Məhz orada, həmin şəhərdə Ankaranın rəsmi nümayəndəsi zalın qarşısında bəyan etdi: "Mən burada özümü evimdəki kimi hiss edirəm".

Bu, dil sürüşməsi deyil. Diplomatik nəzakət heç deyil. Sadəcə - diaqnozdur.

Gəlin açıq danışaq - söz oyunlarına varmadan, diplomatik kazuistikaya və üstüörtülü eyhamlara sığınmadan. Bu çıxışdan cəmi bir neçə gün əvvəl, aprelin 24-də, onların "soyqırımı" adlı saxta, yalançı və absurd mifinin günündə İrəvanda türk bayrağı açıq şəkildə yandırılırdı.

Meydandakı kütlə bağırırdı. Alov ay-ulduzlu qırmızı parçanı udurdu. Və bunlar şəhərin kənarından yığışmış marginal dəstələr deyildi. Bu, onilliklər boyu cilalanmış, dövlət təqviminə hopdurulmuş siyasi ritual idi. Suveren dövlətin bayrağı, böyük bir millətin bayrağı, müttəfiqin bayrağı küçənin alqış sədaları altında odda yanırdı.

Bəs Serdar Kılıç buna cavab olaraq nə edir? İrəvanda keçirilən Avropa Siyasi Birliyi sammitində iştirak edir, kameralara gülümsəyir və "Özümü evimdəki kimi hiss edirəm".

Bunu incə diplomatik hesab kimi yozmaq olardı. Protokol nəzakətinə, yorğunluğa, uğursuz seçilmiş metaforaya bağlamaq olardı. Amma Kılıç daha da irəli getdi və bütün şübhələr dağıldı. O, açıq şəkildə etiraf etdi ki, danışıqlar boyunca erməni tərəfinə verdiyi bütün təkliflər Türkiyənin xeyrinə yox, "yalnız erməni xalqının rifahı naminə" olub. Çünki, görünür, o, Los-Ancelesdə və Beyrutda uzun müddət ermənilərin arasında yaşayıb. Çünki onları "yaxşı anlayır".

Cənab Kılıç!

Diplomat terapevt deyil. Memuar müəllifi deyil. Xoş qonşularla bağlı xatirələrini vərəqləyən duyğusal təqaüdçü heç deyil. Diplomat maraqlar savaşında döyüşçüdür. Bu savaşda güllənin yerinə sözlər, sənədlər və mövqelər işləyir. Və bu döyüşçü meydana çıxanda bir şeyi dəqiq bilməlidir: kimin maraqlarını müdafiə edir. Yad xalqın yox. Kaliforniya xatirələrindəki mehriban qonşuların yox. Öz dövlətinin. Öz xalqının. Öz millətinin. Qalan hər şey humanizm deyil. Bu, sülh ritorikasına bükülmüş kapitulyasiyadır.

Biz azərbaycanlıların bu barədə sərt danışmağa tam mənəvi haqqı var. Çünki belə "yumşaqlığın" hər damlasının arxasında bizim qanımız dayanır. Çünki erməni revanşizminin ən ağır bədəlini başqası yox, məhz biz ödəmişik. Minlərlə oğlumuzu torpağa tapşırmışıq. Xocalının soyqırıma məruz qalaraq necə yandığını görmüşük. Otuz il xəritələrdə ölkəmizin bütöv rayonlarının yad rəngə boyandığı reallıqla yaşamışıq. Gözləmişik. Əzab çəkmişik. Və qalib gəlmişik.

44 günlük müharibə hər şeyi dəyişdi. Azərbaycan sadəcə öz ərazi bütövlüyünü bərpa etmədi. O, erməni məğlubedilməzliyi, "haqlı müdafiə", əlləri guya həmişə təmiz olan "qurban xalq" mifinin belini qırdı. Biz Cənubi Qafqazda yeni reallıq yaratdıq. Və məhz bu yüksəklikdən, qələbənin zirvəsindən sülh üçün əl uzatdıq. Zəiflikdən yox, gücdən. Bizi məcbur etdikləri üçün yox, bunu özümüz qərara aldığımız üçün.

Türkiyə bu prosesdə bizim müttəfiqimizdir, qardaşımızdır, arxamızdır. Ankara ilə Bakı sadəcə müqavilələrlə bağlanan iki dövlət deyil. Bu, vahid iradə, vahid strateji baxış, regionda vahid səs deməkdir. Ona görə də türk diplomatının İrəvanda nə deməsi bizi birbaşa ilgiləndirir. Onun zəifliyi bizim həssas nöqtəmizdir. Onun kapitulyasiyası bizim ortaq mövqelərimizə zərbədir.

Kılıç, görünür, arxasında tarixin dayandığını anlamır. Tarix isə unutqanlığın qisasını almağı yaxşı bacarır.

2009-cu ildə Sürixdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair protokollar imzalanırdı. Dünya "tarixi sıçrayış" deyib əl çalırdı. Diplomatik kabinetlər yeni Qafqazdan danışırdı. Türkiyə əlini uzadırdı. Bəs nə oldu? Ermənistan dərhal həmin əli tapdaladı. İrəvandakı Konstitusiya Məhkəməsi protokolları elə "qeyd-şərtlərlə" yüklədi ki, sənəddən yalnız qabıq qaldı. Sonra da onu sadəcə dəfn etdilər. Bütün bu müddətdə İrəvan dünyada "soyqırımı" əzələsini nümayiş etdirməkdən bir gün belə vaz keçmədi: ABŞ Konqresində, Avropa parlamentlərində, Hollivudda. Antitürk maşın bir an belə dayanmadı.

Sürix asimmetrik güzəştin dərsliyinə çevrildi. Görünür, Serdar Kılıç bu dərsliyi oxumayıb. Ya da oxuyub, amma anlamayıb. Yainkianlayıb, lakin öz dərsliyini yazmaq qərarına gəlib: daha şirin, daha yumşaq kapitulyasiya dərsliyini.

Bu gün İrəvanda həmin mifin daşlaşmış təcəssümü olan memorial kompleks dayanır. Ermənilərin siyasi maşını onilliklərdir bu mifi Türkiyəyə qarşı silah kimi işlədir. Bu, matəm abidəsi deyil. Bu, daşdan tökülmüş siyasi artilleriyadır. Onun önündə xarici nümayəndə heyətləri baş əyir. Onun vasitəsilə ittihamlar təkrar istehsal olunur və bu ittihamlardan kədər yox, siyasi hesab iyi gəlir. Və belə bir şəhərdə, bu konstruksiyanın dövlət kimliyinin ayrılmaz hissəsinə çevrildiyi yerdə türk diplomatı deyir: "Mən burada özümü evimdəki kimi hiss edirəm".

Evin kimi - əcdadlarını ittiham etdikləri yerdə.

Evin kimi - bayrağını yandırdıqları yerdə.

Evin kimi - antitürk ritorikasının sapma yox, siyasi norma olduğu yerdə. Bu artıq sadəlövhlük deyil. Bu, prinsip səviyyəsinə qaldırılmış siyasi korluqdur.

Diplomatiya xoşagələn görünmək sənəti deyil. Diplomatiya öz dövlətini elə müdafiə etmək sənətidir ki, hətta təbəssüm belə milli marağa işləsin. Mövqesiz təbəssüm zəiflikdir. Yaddaşsız yumşaqlıq acizlikdir. Prinsipsiz çeviklik sürünə-sürünə təslim olmaqdır.

Sülh özünü aşağılamaq üzərində qurulmur. Barışıq siyasi yaddaşsızlıq tələb etmir. Münasibətlərin normallaşması - bəli, buna ehtiyac var. Cənubi Qafqazın davamlı sülhə, açıq dəhlizlərə, proqnozlaşdırıla bilən təhlükəsizlik sisteminə ehtiyacı var. Azərbaycan öz qələbəsindən sonra bunu ilk növbədə əməli ilə təsdiqlədi. Amma sülh əli dik dayanaraq uzadılır. Əyilərək yox. Dünən bayrağını yandıran və sabah dayanmaq niyyətində olmayanların qarşısında bəraət axtararaq yox.

Sülh əlini yalnız güc və ləyaqət mövqeyindən uzatmaq olar. Qalan hər şey diplomatiya deyil. Bu, əlində gül tutmuş kapitulyasiyadır.

Serdar Kılıç çıxışı ilə təkcə özünü naqolay vəziyyətə düçar etmədi. O, Türkiyə diplomatiyasına ləkə saldı. O göstərdi ki, hətta peşəkar diplomatik korpusda da şəxsi simpatiyanı dövlət borcundan üstün tutan adamlar peyda olur. Öz ölkəsinin mövqelərini bazarda xalça kimi alverə çıxarmağa hazır olan adamlar - çünki Los-Ancelesdəki mehriban erməni qonşuları yadlarına düşür. Belə adamlar təhlükəlidir. Xüsusilə regionun yenidən şəkilləndiyi, stavkaların maksimum həddə çatdığı, tribunadan deyilən hər sözün ya mövqe, ya da güzəşt olduğu məqamlarda.

Tarix onu unudanlara qarşı amansızdır. O, nəzakəti kapitulyasiya ilə, humanizmi öz ləyaqətindən imtina ilə, danışıqlar masasını tövbə hücrəsi ilə səhv salan diplomatları bağışlamır.

Acizliyin qoxusu yalnız artıq təslim olmuşlara şirin gəlir. Bizim üçün, azərbaycanlılar və türklər üçün isə onun adı xəyanətdir. Biz unutmayacağıq. Nə Serdar Kılıçı, nə də belə adamların regionumuzun gələcəyini müəyyənləşdirməsinə imkan verənləri. Biz bu gələcək üçün həddindən artıq ağır bədəl ödəmişik ki, sentimental diplomatlar onu İrəvan konfrans zalının isti alqışlarına dəyişsinlər.

Sizin eviniz Ankaradadır, cənab Kılıç. Bayrağınız oradadır. Ulusunuz oradadır. Borcunuz oradadır.

İrəvanda isə ev qoxusu yoxdur. Orada sizin acizliyinizin qoxusu var.

Elçin Alıoğlu
Milli.Az