1-3 may 2026-ci il tarixlərində "Azərxalça" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə baş tutan Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı.
Tədbirin ilk günü - 1 may tarixində təşkil olunan Beynəlxalq Xalça Forumu bu sahədə çalışan yerli və xarici mütəxəssisləri bir araya gətirdi. Forumda Özbəkistan, Türkmənistan, Albaniya, Mərakeş, Meksika, Türkiyə, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Nepal, Belçika və digər ölkələrin nümayəndələri iştirak ediblər. Sənətşünasların, xalçaçı ustaların, tələbələrin və incəsənət xadimlərinin qatıldığı Forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar yer alıb; həmçinin xalçaçılığın yalnız mədəni irs deyil, eyni zamanda yüksək iqtisadi potensiala malik yaradıcı sənaye sahəsi olduğu vurğulanıb.
2-3 may tarixlərində isə İçərişəhərin qədim küçə və meydanlarında festival bayram ab-havasında davam edib. Qədim Buxara və Multani karvansaraları, Qoşa Qala meydanı və digər məkanlar xalça sərgilərinə, ustad dərslərinə, interaktiv teatr tamaşalarına və konsert proqramlarına ev sahibliyi edib. 19 ölkənin nümayəndəsi təmsil olunduğu festivalda Azərbaycan da daxil olmaqla 14 dövlətin milli pavilyonu qurulub və ziyarətçilərə müxtəlif xalçaçılıq məktəbləri, texnikaları, eləcə də ənənələri nümayiş etdirilib. Festival müddətində İçərişəhər ərazisi "Azərxalça" ASC- nin 500 əsl əl işi xalçası ilə bəzədilib. İki gün ərzində minlərlə həm yerli, həm xarici qonaqlar bu xalçaların üzərində gəzərək, toxunaraq, fotolar çəkdirərək tarixin bir hissəsinə keçiblər.
Qoşa Qala meydanında keçirilən rəsmi açılış mərasimində çıxış edən "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Rüfət Mahmud, "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov və AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu festivalın həm mədəni, həm də iqtisadi əhəmiyyətini xüsusi qeyd etdilər. Bildirildi ki, bu cür beynəlxalq tədbirlər Azərbaycanın turizm potensialını gücləndirməklə yanaşı, milli irsimizin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib.
Qonaqlar festival ərazisində nümayiş olunan xalça kolleksiyaları, milli tətbiqi-dekorativ sənət nümunələri və beynəlxalq pavilyonlarla yaxından tanış oldular.
Beynəlxalq Xalça Festivalında bu il əsas təşkilatçılarla yanaşı 20-ə yaxın qurum tərəfdaş kimi çıxış edib. Azərbaycan xalçaçılıq sənətinin qədim tarixindən müasir dövrə uzanan inkişaf yolunu nümayiş etdirən Beynəlxalq Xalça Festivalı ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, İçərişəhərin tarixi mühitində bu cür genişmiqyaslı tədbirlərin uğurla təşkil oluna biləcəyini bir daha sübut etdi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az